Ərəb ölkələri Səudiyyə Ərəbistanının Ər-Riyad və Mədinə bölgələrindəki Şərq-Qərb boru kəmərinin İraqdan atılan pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınmasını pisləyib.
Avropa.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanına edilən hücum şiddətlə pislənilib və sözügedən hücumun Səudiyyə Ərəbistanının suverenliyini açıq şəkildə pozduğu, təhlükəsizliyi və sabitliyini təhdid etdiyi vurğulanıb.
Bildirilib ki, BƏƏ öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün Səudiyyə Ərəbistanının yanındadır.
Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanının suverenliyini açıq şəkildə pozduğu bildirilən hücumun pislənərək bölgənin təhlükəsizliyini və sabitliyini pozan təhlükəli bir eskalasiya olduğuna diqqət çəkilib.
İraq hökumətindən öz ərazisindən hücumları dayandırmaq üçün lazımi tədbirlər görməyə çağırılıb.
Livanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada Səudiyyə Ərəbistanında həyati əhəmiyyətli obyektlərin və mülki infrastrukturun hədəfə alınması pislənilib.
Bildirilib ki, sözügedən obyektlərin hədəfə alınması “Birləşmiş Millətlər Təşkilatının konvensiyalarının prinsip və məqsədlərinin, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulmasıdır”.
Bəhreynin Xarici İşlər Nazirliyi neft kəmərinin hədəfə alınmasını “ən sərt şəkildə” pisləyib və hücumun “beynəlxalq hüququn, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulması” olduğunu bildirib.
Nazirlik mülki obyektlərin hədəfə alınmasının enerji təchizatı təhlükəsizliyini təhdid etdiyini bildirib və Səudiyyə Ərəbistanının suverenliyini, təhlükəsizliyini və obyektlərini qorumaq üçün lazımi tədbirlər görmək hüququna malik olduğunu vurğulayıb.
Nazirlik heç bir dövlətin ərazisinin qonşu ölkələrə qarşı hücumlar üçün istifadə edilməməsi lazım olduğunu vurğulayaraq, İraqın hücumların təkrarlanmaması üçün səylərini dəstəklədiyini ifadə edib.
Misir Xarici İşlər Nazirliyi Ər-Riyad və Mədinə bölgələrində neft boru kəmərini hədəf alan hücumları “ən sərt şəkildə” pislədiyini bildirib və əlavə edib ki, bu hücumlar “beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və regionun təhlükəsizliyini və sabitliyini pozur”.
Qahirənin Səudiyyə Ərəbistanı ilə “tam həmrəylik” içində olduğu və ölkənin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü təhdid edən hər hansı təşəbbüsə qarşı Səudiyyə Ərəbistanının yanında olduğu vurğulanıb.
Oman, Fələstin, Liviya, Sudan, Yəmən və Mavritaniya da oxşar bəyanatlarla hücumu pisləyib.
Qətər və İordaniya da əvvəlki bəyanatlarında qınadıqlarını bildiriblər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi sentyabrın 10-da ardıcıl hücumlar nəticəsində Şərq-Qərb boru kəmərinin ehtiyat tədbiri olaraq bağlandığını açıqlayıb.
Xarici İşlər Nazirliyi sözügedən hücumların İraqdan atılan PUA-larla həyata keçirildiyini açıqlamışdı. Hücumlarda bir neçə nəfər yaralanıb, dağıntılar olub.





























