Yaponiya BMT-nin qəbul etdiyi yeni dünya xəritəsində mübahisəli Kuril adalarının Rusiyaya aid olduğunu göstərdiyi üçün düzəliş edilməsini tələb edib.
Avropa.info xəbər verir ki, BMT Baş Assambleyası Avropa və Şimali Amerikanı minimuma endirməklə, Afrikanı genişləndirən yeni real miqyaslı xəritəni ehtiva edən qətnaməni təsdiqləyib.
Qətnaməyə dəstək verən BMT-nin 164 üzvü arasında Yaponiya da olsa da, Yaponiyanın Şimal əraziləri adlandırdığı adaların xəritədə Rusiya ilə eyni rəngdə göstərilməsi onu narahat edib.
Yaponiya hökumətinin sözçüsü Minoru Kihara bildirib ki, Bərabər Yer proyeksiyası kimi tanınan yeni xəritədə Yaponiya hökumətinin mövqeyinə zidd olan təsvir var.
Kihara bu təsvirin düzəldilməsi üçün diplomatik kanallar vasitəsilə xəritə saytının operatoruna etirazın çatdırıldığını, adalar və coğrafi adlarla bağlı anlaşılmazlıqların yayılmasının qarşısının alınması lazım olduğunu qeyd edib.
Mübahisəli adalar üzərində gərginlik
1945-ci ildə keçmiş Sovet İttifaqı tərəfindən ələ keçirilən və yapon əhalisinin deportasiya edildiyi adalar uzun müddətdir ki, iki ölkə arasında mübahisə mövzusu olub.
Rusiya prezidenti Vladimir Putinin ötən ay mübahisəli adalara gözlənilməz səfərindən sonra Yaponiya ilə Rusiya arasında münasibətlər gərginləşib.
Yaponiyanın baş naziri Sanae Takaiçi Putinin səfərinin yapon xalqının hisslərini incitdiyini və qəbuledilməz olduğunu bildirib.





























