Azərbaycanlı internet istifadəçiləri Rusiya ordusunda müqaviləli hərbi xidmət üçün reklamlar təklif edən mesajlar almağa başlayıb. Əslində bu, suveren dövlətin daxili auditoriyasına birbaşa və olduqca təhlükəli bir müraciətdir və faktiki olaraq başqa dövlətin hərb maşınında iştirakı reklam etməyi təklif edir (Minval Politika).
Yazışmalardan aydın olur ki, özünü “Aleksandr” kimi təqdim edən naməlum şəxs Rusiya Müdafiə Nazirliyi adından danışdığını iddia edir. O, “hərblə əlaqəli” materialların yerləşdirilməsinə görə pul mükafatı təklif edir. Reklam mətnini istədikdə isə bəlli olur ki, söhbət Rusiya ordusunda müqaviləli hərbi xidmətdən gedir.
Sözsüz ki, Rusiyanın Azərbaycan vətəndaşları arasında işğalçı orduda xidməti təşviq etmək cəhdləri aşkar təxribatdır. Başqa bir ölkənin vətəndaşlarını Azərbaycanla əlaqəsi olmayan hərbi kampaniyaya cəlb etmək cəhdidir. Rusiya ordusunda son vaxtlar yaşanan hərbçi qıtlığını nəzərə alsaq, belə bir kampaniya xüsusilə təhlükəli görünür. Bu kampaniyanın arxasında konkret hansı qurum dayanır? Azərbaycan vətəndaşları nələrə xüsusi diqqət etməlidir?
Avropa.info-nun məlumatına görə, tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, belə çağırışlar doğrudan da Rusiya Müdafiə Nazirliyi və ya onun adından fəaliyyət göstərən strukturlar tərəfindən həyata keçirilirsə, məsələyə adi reklam kampaniyası kimi yanaşmaq mümkün deyil:
“Azərbaycanlı sosial şəbəkə istifadəçilərinə Rusiya ordusunda müqaviləli hərbi xidmətlə bağlı reklam və təkliflərin göndərilməsi ciddi suallar doğurur. Məsələnin mahiyyəti bunun, sadəcə, kommersiya xarakterli reklam olub-olmamasından daha genişdir.
Burada söhbət başqa dövlətin ordusunda xidmət üçün Azərbaycan vətəndaşlarının cəlb edilməsindən gedirsə, bu proses həm hüquqi, həm milli təhlükəsizlik, həm də informasiya təhlükəsizliyi baxımından araşdırılmalıdır. Yəni, məsələ azərbaycanlı sosial şəbəkə istifadəçilərinə Rusiya ordusunda müqaviləli xidmətlə bağlı reklamların göndərilməsi adi marketinq kampaniyası deyil. Bu, hərbi, siyasi və hüquqi aspektləri olan ciddi təhlükəsizlik məsələsidir. Çünki söhbət hansısa xarici şirkətin məhsulunu reklam etməsindən yox, başqa bir dövlətin davam edən müharibəsi üçün canlı qüvvə toplamaq cəhdindən gedir”.
Ceyhun Yusifovun sözlərinə görə, əgər belə müraciətlərin arxasında Rusiya Müdafiə Nazirliyi və ya onun adından çıxış edən strukturlar dayanırsa, burada “verbovka” elementlərinin olub-olmaması ayrıca araşdırılmalıdır.
“Əgər həqiqətən də müraciətlər Rusiya Müdafiə Nazirliyi və ya onun adından çıxış edən strukturlar tərəfindən həyata keçirilirsə, bu artıq klassik “verbovka” elementləri daşıyır. XXI əsrdə “verbovka” küçədə deyil, telefon ekranında, Telegram kanalında, sosial şəbəkədə və messencerlərdə aparılır. Müasir müharibələrin səngərlərindən biri də informasiya məkanıdır”, – vəkil vurğulayıb.
O, məsələnin diqqətçəkən tərəflərindən biri kimi Rusiyanın xarici ölkələrin vətəndaşlarını da hərbi xidmətə cəlb etmək üçün potensial auditoriyaya çevirməsini qeyd edir. Onun fikrincə, belə kampaniyalarda əsas hədəf maddi və sosial vədlərlə cəlb oluna biləcək insanlardır.
“Moskva çox yaxşı anlayır ki, Azərbaycan cəmiyyətində Rusiyada işləyən, rus dilində sərbəst danışan və müxtəlif səbəblərdən maddi çətinlik yaşayan insanlar var. Belə auditoriya yüksək maaş, vətəndaşlıq və sosial təminat vədləri ilə cəlb edilə bilər. Məhz buna görə də reklamın mərkəzində ideologiya yox, pul dayanır. Bu isə göstərir ki, söhbət könüllü vətənpərvərlikdən deyil, insan resursunun satın alınmasından gedir”, – deyə o bildirib.
Ceyhun Yusifovun fikrincə, Azərbaycanın bu müharibədə tərəf olmaması məsələnin siyasi əhəmiyyətini artırır. Azərbaycan vətəndaşlarının xarici dövlətin silahlı qüvvələrinə cəlb edilməsi ölkənin milli maraqları baxımından arzuolunan proses kimi qiymətləndirilə bilməz: “Ən təhlükəli məqam isə budur ki, belə kampaniyalar Azərbaycanın dövlət maraqlarını tamamilə nəzərə almır. Azərbaycan bu müharibənin tərəfi deyil. Rəsmi Bakı balanslaşdırılmış xarici siyasət yürüdür və ölkə vətəndaşlarının xarici dövlətlərin silahlı münaqişələrinə cəlb olunması milli təhlükəsizlik baxımından arzuolunan hal sayıla bilməz”.
O, daha sonra qeyd edib ki, məsələ yalnız həmin şəxslərin xarici orduda xidmət etməsi ilə məhdudlaşmır. Gələcəkdə Azərbaycan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirak etməsi ilə bağlı məlumatların yayılması ölkənin beynəlxalq imicinə və diplomatik mövqeyinə qarşı istifadə oluna bilər. “Əgər sabah yüzlərlə vətəndaşımızın Rusiya ordusunda döyüşdüyü barədə məlumatlar yayılarsa, bu, Azərbaycanın beynəlxalq imicinə, regiondakı siyasi balansına və diplomatik mövqeyinə zərbə vurmaq üçün istifadə oluna bilər. Başqa sözlə, məsələ təkcə bir neçə nəfərin müqavilə bağlaması ilə bitmir. Burada dövlətin adı, nüfuzu və geosiyasi mövqeyi də risk altına düşür”, – Ceyhun Yusifov bildirib.
Vəkil hesab edir ki, sosial şəbəkələr vasitəsilə aparılan bu tip kampaniyaların xüsusiyyətlərindən biri də prosesin mərhələli şəkildə həyata keçirilə bilməsidir.
“Rusiyanın son illərdə tətbiq etdiyi metodologiya da bunu göstərir. Əvvəlcə sosial şəbəkələrdə reklam, sonra şəxsi yazışmalar, ardınca əlaqələndiricilər və nəhayət, müqavilə. Bu, klassik çoxpilləli “verbovka” mexanizmidir. Ən təhlükəlisi isə odur ki, bu proses tamamilə rəqəmsal mühitdə baş verdiyi üçün uzun müddət görünməz qala bilir”, – deyə o vurğulayıb.
Ceyhun Yusifov məsələni hüquqi müstəvidə də araşdırmağın vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, burada emosional yanaşmadan daha çox faktların müəyyənləşdirilməsi, reklamların mənbəyinin araşdırılması və Azərbaycan qanunvericiliyinin tələblərinin nəzərə alınması vacibdir: “Azərbaycan vətəndaşlarına xarici dövlətin silahlı qüvvələrində müqaviləli xidmətə çağırış xarakteri daşıyan reklam və ya şəxsi mesajların göndərilməsi, ilk növbədə hüquqi qiymətləndirilməli olan məsələdir. Əgər bu məlumatlar həqiqətən də xarici dövlət qurumları və ya onların tapşırığı ilə hərəkət edən şəxslər tərəfindən yayılırsa, hüquq-mühafizə orqanları bunun mənbəyini və məqsədini araşdırmalıdır”.
Vəkil bildirib ki, Azərbaycanın informasiya məkanı xarici dövlətlərin hərbi maraqları üçün nəzarətsiz fəaliyyət meydanına çevrilməməlidir. Onun sözlərinə görə, “Reklam haqqında” qanunun tələbləri də nəzərə alınmaqla, belə reklamların hüquqi statusu ayrıca araşdırılmalıdır. Burada əsas məsələ konkret reklam materiallarının məzmunu, yayılma üsulu, sifarişçisi və məqsədinin müəyyən edilməsidir. “Məsələyə hüquqi baxımdan yanaşarkən aidiyyəti dövlət qurumlarının bu cür məlumatları araşdırması, onların mənbəyini müəyyən etməsi və zərurət yaranarsa hüquqi qiymət verməsi vacibdir. Eyni zamanda, vətəndaşlar da anlamalıdırlar ki, xarici ordularda xidmətə dair yüksək maaş vədləri bəzən insan həyatını təhlükəyə atan geosiyasi layihələrin tərkib hissəsi ola bilər”, – o bildirib.
Ceyhun Yusifov sonda Azərbaycan vətəndaşlarına da xəbərdarlıq edib. O, hesab edir ki, sosial şəbəkələrdə xarici ordularda xidmətlə bağlı təklif alan şəxslər bu məlumatlara ehtiyatla yanaşmalı, şəxsi məlumatlarını tanımadıqları şəxslərə təqdim etməməli və belə çağırışların mənbəyini yoxlamalıdırlar:
“İnsanlar bilməlidirlər ki, xarici orduda xidmətlə bağlı qəbul etdikləri qərarlar yalnız maliyyə məsələsi deyil. Bu cür addımlar sonradan hüquqi, beynəlxalq və şəxsi təhlükəsizlik baxımından ciddi nəticələr yarada bilər. Ona görə də belə təkliflər alan şəxslər onların həqiqiliyini yoxlamalı, şəxsi məlumatlarını təqdim etməkdən çəkinməli və zərurət yarandıqda aidiyyəti dövlət orqanlarına məlumat verməlidirlər”.
Vəkilin fikrincə, məsələnin ən mühüm tərəfi hüququn aliliyinin qorunmasıdır. Yəni, hər hansı xarici dövlətə münasibətdən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının xarici silahlı qüvvələrə cəlb edilməsi ilə bağlı konkret faktlar araşdırılmalı və yalnız qanun çərçivəsində qiymətləndirilməlidir. “Bu mövzuda əsas prinsip ondan ibarətdir ki, milli təhlükəsizliklə bağlı məsələlərdə hüququn aliliyi qorunmalı, hər hansı qərar yalnız qanuna və faktlara əsaslanmalıdır. Hüquqi dövlət sübutlarla və qanunun tələbləri ilə hərəkət edir”, – vəkil əlavə edib.






























