Son günlər sosial şəbəkələrdə Müəllimlər Günü ilə bağlı valideynlərdən pul yığılması məsələsi yenidən gündəmə gəlib. Bəzi hallarda haqlı narazılıqlar səslənsə də, ayrı-ayrı xoşagəlməz hallara görə bütün pedaqoji heyətin hədəf alınması, müəllimlərin ünvanına təhqirlər yağdırılması cəmiyyətdə ciddi narahatlıq doğurur.
Avropa.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini Ehtiram Mehtiyev deyib.
Başqan müavini diqqəti əvvəlki illərin təcrübəsinə və müəllim-şagird münasibətlərindəki mənəvi dəyərlərə yönəldib:
“Məgər 5, 10, 15, 20 il bundan əvvəl müəllimlərə bu gün münasibətilə gül, açıqca, kiçik hədiyyə verilməyib? Verilib. Bəzən valideyn, bəzən də uşağın özü müəlliminə bir gül aparıb. Çünki hədiyyənin qiymətindən çox, onun arxasındakı diqqət və hörmət önəmli olub. Əlbəttə, valideyndən məcburi pul yığılması, təzyiq göstərilməsi yolverilməzdir. Belə hal varsa, araşdırılmalı və tədbir görülməlidir. Amma bir neçə hadisəyə görə bütün müəllimləri eyni tərəziyə qoymaq, onları pul hərisliyində ittiham etmək və təhqir etmək də doğru deyil”.
MCP rəsmisi vurğulayıb ki, qanunsuzluqla mübarizə apararkən müəllim peşəsinin nüfuzunu zədələmək olmaz:
“Müəllim səhv edirsə, irad bildirək. Qanunu pozursa, tədbir görülsün. Amma müəllimə hörmətsizliyi mübarizə vasitəsinə çevirməyək. Pul yığılmasın, məcburiyyət olmasın, təzyiq olmasın. Amma hörmət də itməsin. Çünki müəllimin nüfuzu aşağı düşəndə təkcə müəllim deyil, cəmiyyət də itirir”.




























