4 Oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə 30 ilə yaxın davam edən işğal dövrünün tarixi dərsləri, Vətən müharibəsində qazanılan Böyük Zəfər və regionda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yenidən gündəmin mərkəzindədir. Cəbrayılın azad olunmasının hərbi-strateji əhəmiyyəti və Böyük Qayıdışın uğurla reallaşdırılması məsələləri xüsusi vurğulanır.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Cəbrayıl rayonunun işğalı dövrü, 4 oktyabr Zəfərinin tarixi mənaları və regionun gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərkən bildirib.
Millət vəkili 44 günlük Vətən müharibəsində Cəbrayıl əməliyyatının hərbi və psixoloji müstəvidə oynadığı rolu diqqətə çatdırıb:
“1993-cü ildə Cəbrayıl rayonunun işğala məruz qalması dövlətçiliyimiz və xalqımız üçün ağır tarixi sınaq, böyük faciə idi. Otuz ilə yaxın müddətdə düşmən bu torpaqları dağıdıb xarabalığa çevirsə də, xalqımızın torpaq sevgisini və dövlətimizin qisas iradəsini sındıra bilmədi. 2020-ci il oktyabrın 4-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun qəhrəmanlığı sayəsində Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad olundu. Vətən müharibəsində azad edilən ilk rayon mərkəzi kimi Cəbrayıl əməliyyatı düşmənin müdafiə səddini darmadağın etdi və hərbi üstünlüyümüzü tam təmin etdi”.
MCP başqanı azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işlərinin və sakinlərin doğma ocaqlarına qayıdışının strateji əhəmiyyətini vurğulayıb:
“Bu gün Cəbrayıl təkcə zəfərimizin rəmzi deyil, həm də sürətlə bərpa olunan, müasir altyapısı qurulan və doğma sakinlərinə qucaq açan yaşayış məskənidir. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayılda qurulan yeni infrastrukturlar, mənzillər və sosial obyektlər regionun gələcək sosial-iqtisadi inkişafının təminatıdır. Cəbrayılın azad olunması və dirçəldilməsi Azərbaycanın ərazi bütövlüyünün, sarsılmaz suverenliyinin və qüdrətinin en bariz təcəssümüdür”.




























