Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalana biləcək “Məkkə sazişi” son dövrlərin yalnız regional deyil, bütövlükdə qlobal geosiyasi baxımdan ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu saziş təkcə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına deyil, perspektivdə beynəlxalq güc balansına da ciddi təsir göstərmək potensialına malikdir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a yeni regional təhlükəsizlik platformasını, onun strateji komponentlərini və Azərbaycanın milli maraqlarına təsirini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, analitik Vüqar Dadaşov deyib.
“Nüvə Gücü, Hərbi Texnologiya və Maliyyə Resursunun Vəhdəti”
Politoloq vurğulayıb ki, tərəflərin hərbi-strateji imkanları bir-birini mükəmməl şəkildə tamamlayır:
“Sənədin ABŞ-İran qarşıdurması və Körfəzdə hərbi-siyasi gərginliyin artması fonunda gündəmə gəlməsi onun çəkindirici xarakterini göstərir. Burada üç əsas komponent birləşir: Pakistanın Hindistanla müharibələrdən əldə etdiyi döyüş təcrübəsi və nüvə potensialı, Türkiyənin müdafiə sənayesi, PUA və raket texnologiyalarındakı liderliyi, Səudiyyə Ərəbistanının isə nəhəng maliyyə resursları. Bu üç gücün vəhdəti gələcəkdə sazişin tamhüquqlu hərbi bloka çevrilmə ehtimalını yüksəldir. İrandan gələn raket təhdidləri və Pakistanın Tehrana xəbərdarlıqları bu addımın hansı təhlükəsizlik zərurətindən doğduğunu açıq göstərir”.
“Azərbaycanın Təhlükəsizlik Maraqlarına Xidmət Edən Platforma”
MCP rəsmisi platformanın Azərbaycana və digər region ölkələrinə təsirinə də diqqət çəkib:
“Türkiyə ilə Şuşa Bəyannaməsinə əsaslanan strateji koordinasiyamız, Pakistanla isə faktiki müttəfiqlik münasibətlərimiz var. Buna görə də Məkkədə gündəmə gələn bu platforma Azərbaycanın milli təhlükəsizlik maraqlarına birbaşa xidmət edir. Azərbaycan hazırda rəsmi iştirakçı olmasa da, geosiyasi nəticələr strateji xəttimizlə tam üst-üstə düşür. Hətta gələcəkdə Azərbaycanın və Ukraynanın müxtəlif formatlarda bu təhlükəsizlik sisteminə inteqrasiyası istisna edilmir.
Eyni zamanda, bu birliyin birbaşa İsrailə qarşı yönəldiyini düşünmək yanlışdır, çünki Bakı, Ankara və İslamabadın İsrail və Vaşinqtonla mürəkkəb münasibətlər balansı mövcuddur”.
“İranla Diplomatik Yaxınlaşma Taktikidir, Strateji Ziddiyyətlər Qalır”
Ekspert son dövrlər Bakı və Tehran arasında müşahidə olunan münasibətlərə də toxunub:
“Son günlər Azərbaycan-İran münasibətlərində hiss olunan diplomatik yumşalma daha çox taktiki xarakter daşıyır. Reallıqda iki ölkə arasında strateji ziddiyyətlər davam edir və Tehranın təhdid dolu bəyanatları bunun sübutudur. Digər tərəfdən, Rusiya, İran və Hindistan arasında klassik hərbi ittifaqın formalaşması da geosiyasi maraqların toqquşması səbəbindən real görünmür.
Eyni zamanda bir alternativi də nəzərə almaq lazımdır: ‘Məkkə sazişi’ təkcə hərbi blok deyil, gələcəkdə İslam dünyasında sünni-şiə həmrəyliyinin əsasını qoyacaq ortak birlik platformasına da çevrilə bilər”.






























