Vaşinqtondakı tarixi razılaşmaların ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqı ilə yanaşı, Azərbaycan xalqına da təbrik ünvanlaması, daha sonra sülhün memarına, Azərbaycan Prezidentinə zəng etməsi ciddi hadisədir. Bu, Azərbaycanın apardığı ədalətli müharibədən sonra təqdim etdiyi ədalətli və əbədi sülh formulunun qəbulu, yol xəritəsinə uyğun şəkildə addımın atılmasıdır.
Bu günün hadisələrinə Qarabağın işğalda olduğu günlərdən baxaq, real görünürdümü? Qəti şəkildə!
O zaman Nikol Paşinyan Qarabağı Ermənistan ərazisi sayaraq, daha uzaqgedən iddialar irəli sürürdü. Amma bugünkü müraciətində etiraf edir ki, 8 avqust 2025-ci il anlaşmasına qədər Ermənistan çıxılmazda, dalanda idi, Azərbaycan Prezidenti ilə əldə etdiyi razılaşmalardan sonra Ermənistan xilas yolunu əldə etdi. Hətta 44 günlük müharibənin yekununda kapitulyasiya sənədinə imza atdıqdan sonra belə, Nikol Paşinyan hadisələrə bu qədər aydın baxış bucağından yanaşa bilmirdi. Belə görünür İrəvanda anlayırlar ki, Azərbaycanla oyunlar keçməz, üstəlik, özləri üçün çox faciəli sonluqlarla bitə bilər. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, həmçinin XİN rəhbərimiz Ceyhun Bayramovun Ermənistan rəhbərliyinin yaddaşını yeniləmək baxımından etdikləri ciddi xəbərdarlıqlar öz işini görüb, söyləmək olar.

Axı, Ermənistan hakimiyyəti son bir il ərzində daha çox 7 iyun seçkilərini əsas bəhanə olaraq ortaya atırdı, artıq seçki mərhələsi də geridə qaldı, amma seçkidən sonrakı iki ay ərzində Ermənistan nədənsə üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində çox ləng davranırdı. Ona görə də Ermənistan rəhbərliyini silkələmək lazım idi, xüsusən də sülhün əldə olunması üçün ilkin şərt olan konstitusiyanın dəyişdirilməsi məsələsində. Taym-aut götürmüş Ermənistan hakimiyyətinin hansısa addımlar atması gözlənilən idi, çünki rəsmi Bakının səbri sonsuz deyil və konkret ev tapşırıqları var. Odur ki, Paşinyanın ortamı yumşaltmaqdan, sülhə sadiqliyini nümayiş etdirməkdən ötrü Azərbaycan və erməni xalqına təbrik yollaması, həmçinin Azərbaycan Prezidentinə zəng etməsi gözlənilən idi. Yeri gəlmişkən, bu ehtimalımızı hələ iyun ayında oxucularımızla bölüşmüşdük və özünü doğrultdu…
Başa düşürük, Nikol Paşinyanın durumu elə də ideal deyil. Parlamentdə təkbaşına qərar vermək imkanı əldə edə bilməyib, kilsə ilə müharibə davam edir, rəqibləri, revanşistlər Rusiyadan aldıqları təlimatlar əsasında davanı davam etdirirlər. Amma bütün bunlar Paşinyanın, Ermənistanın problemidir, Azərbaycanın gözləntiləri var və həllini tapmalıdır! Görünür elə Bakıdan aldığı mesajlara, həmçinin bir müddət öncə Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə birbaşa çatdırdığı həlli vacib məsələlərə görə Paşinyan da gecikməyin ona və ölkəsinə yaxşı heç nə vəd etmədiyini anlamağa başlayıb.
Bilirik ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi – TRIPP dəhlizinin 42 km-lik hissəsini tikməsinə mane olan qüvvələr var. Bunun üçün Paşinyan əvvəlcə Zəngəzurun qərb hissəsini, TRIPP marşrutunun keçəcəyi ərazini işğaldan azad etməlidir. Bəli, söhbət ilk növbədə Rusiyanın bu bölgədəki təsir imkanlarından azad olmaqdan gedir. Kreml Mehri bölgəsində, İran – Ermənistan sərhədini məhz rus sərhədçilərinin qoruduğunu vaxtaşırı xatırlatmaqla Paşinyanı təhdid edir. İrəvanda da anlayırlar ki, Kreml sərhədçiləri ilə bağlı sərt mövqe sərgilənməsi riskli olar, söhbət mövcudluğu boyunca Rusiyanın təbəəsi olan ölkədən gedir. Üstəlik, Ermənistanın çəkingən mövqeyi bu bölgədə İran təsirinin də artmasına səbəb olub, burada İranın baş konsulluğunun açılması, azad iqtisadi zona barədə anlaşmalar, Araz çayı üzərində yeni körpünün tikintisi ideyası, yolların, tunellərin çəkilişinin İran şirkətlərinə həvalə edilməsi…Bütün bunlar Ermənistanın əl-qolunu bağlayır. Şimal və cənub qonşumuzun İran şirkətinə icarəyə verilən TRIPP marşrutunu tikməsinə hər vəcdlə mane olduqları bəllidir. Bu vəziyyət həm də Ermənistan hakimiyyətinin zamanında ortaya siyasi iradə qoya bilməməsi nəticəsində yaranıb. İndi Paşinyan Zəngəzur dəhlizi – TRIPP marşrutunun keçdiyi ərazini “yadellilər”in təsirindən azad etmək istiqamətində hərəkətə keçib.

“Hraparak” qəzeti yazır ki, hakimiyyət oktyabrın 25-nə yerli özünüidarəetmə orqanlarına seçkilərin təyin olunduğu Mehridə fəal iş aparır: “Məsələ burasındadır ki, TRIPP üzrə razılaşmalara görə Mehridəki seçkilər strateji əhəmiyyət kəsb edib və Nikol Paşinyan onları şəxsi nəzarətinə götürüb. O bəyan edib ki, icma rəhbəri hakimiyyətin adamı olsun deyə, ölüm-dirim mübarizəsi aparmalıyıq. İcma rəhbəri rusiyapərəst mövqeli bir şəxs olarsa, TRIPP ilə bağlı məsələlər “iflasa uğraya” bilər. Bir nömrəli tapşırıq – seçki nəticələrinin əhali üçün gözlənilməz olmaması naminə cəmiyyət tərəfindən qəbul edilən bir nəfəri tapmaqdır”.
Qəzet qeyd edir: “Artıq namizəd seçimi üzrə kastinq elan olunub, çünki “Mülki Müqavilə”nin yerli fəal üzvləri Paşinyana bildiriblər ki, hazırkı icma rəhbəri Xaçatur Andreasyan – mövqeyini dəyişmiş Samvel Babayanın keçmiş tərəfdaşı – tələblərə cavab vermir, geniş kütlələrin rəğbətini qazanmır. Bura əlavə olaraq, keçmiş icma rəhbəri Andreasyanın özbaşınalıqları ilə bağlı çoxlu iddialar təqdim edib. Keçmiş icma rəhbəri, Ağsaqqallar Şurasında “Respublika” fraksiyasının rəhbəri Baqrat Zakaryan ilə Xaçatur Andreasyan arasındakı münasibətlər isə artıq uzun müddətdir ki, münaqişəli olaraq qalır”.
Yazıda qeyd olunub ki, 2021-ci il yerli özünüidarəetmə seçkilərindən sonra – heç bir siyasi qüvvə Ağsaqqallar Şurasında əksəriyyət qazanmadıqda – onlar iki yarım il ərzində icmanı növbə ilə birgə idarə etmək razılaşmasıyla əməkdaşlıq memorandumu imzalamışdılar, lakin bu gün artıq bir-birlərinə kəskin ittihamlar ünvanlayırlar.
“Baqrat Zakaryan Anti-Korrupsiya Komitəsinə müraciət edərək son iki yarım ildə icmada həyata keçirilən bir sıra proqramların araşdırılmasını xahiş edib. Zakaryan icma rəhbərinin müavini olub, lakin iyunun 7-də parlamentə keçirilən seçkilərdən təxminən bir həftə sonra tutduğu vəzifədən azad edilib. O, memorandumda razılaşdırıldığı kimi, tam iki yarım il icma rəhbəri vəzifəsini icra edərək yerini digər namizədə güzəştə gedib. Bu halları nəzərə alaraq, Nikol Paşinyan yeni və güclü namizəd tapmağa çağırıb”, qəzet yazır.

Baqrat Zakaryan
O da bildirilir ki, hazırda icma rəhbəri postuna artıq yeddi namizədin adı müzakirə olunur. “Güclü Ermənistan”dan böyük ehtimalla səhiyyə sahəsində ekspert, Mehri xəstəxanasının keçmiş baş həkimi Tsaxik Vardanyan namizəd göstəriləcək.
Beləliklə, Paşinyan 8 avqust 2025-ci ildə üzərinə götürdüyü öhdəliklərdən birinin icrasına nail olmaqdan ötrü maneələrdən daha birini neytrallaşdırmağı hədəfləyib.

O vaxta qədər yeni sürprizlərlə qarşılaşa bilərmi, bu ehtimalı da kənara qoymaq olmaz. Amma istənilən halda Ermənistan rəhbərliyi tələsməlidir. Şübhəmiz yoxdur ki, Nikol Paşinyanı Bakıya, Azərbaycan liderinə telefon açmağa vadar edən həm də növbəti addımlarla bağlı müharibənin və sülhün memarından məsləhətlər almaq istəyi olub. Eşitdiklərinə əməl etsə, məsləhətlərlə qulaq assa, uduzmaz! Prezident İlham Əliyev hələ ötən il Vaşinqtonda demişdi ki, razılaşmaların həyata keçirilməsi məsələsində vaxt itirmək olmaz! Bu telefon zəngindən sonra görüləsi işlərin icrasına başlamaq, ev tapşırıqları ilə bağlı ciddi şəkildə hərəkətə keçmək lazımdır.






























