Gəncliyə Yardım Fondunda YAP Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətənə Sadiqlik” adlı sərgi təşkil olunub. Sərginin layihə rəhbəri Aygün Əzizova olub.
Avropa.info xəbər verir ki, sərgidə 50 rəssam vətənpərvərlik mövzusunda əsərləri ilə iştirak edib. Ağdam Dram Teatrının rəssamı, “Ağdam” Tədris Mərkəzinin rəhbəri Qönçə Həzizadə isə 20 tələbəsi ilə sərgidə təmsil olunub.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qeyd edib ki, Silahlı Qüvvələr Günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, müstəqilliyimizin, azadlığımızın və sabitliyimizin qorunmasında xidmət edən bütün hərbçilərə dərin hörmət və ehtiramlarını bildiriblər. O vurğulayıb ki, bayrağımız daim ucalarda dalğalanıb, ordumuz hər zaman qüdrətli olub. Eyni zamanda torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət diləyib.
Sərgidə fəxri qonaq qismində iştirak edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, yazıçı Elxan Zalın 65 illik yubileyi qeyd olunub və ona portreti hədiyyə olunub.
Elxan Zal çıxışında Beynəlxalq Qalereyanın gənc nəslin vətənpərvərlik ruhunda və Azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunmasında mühüm fəaliyyət göstərdiyini vurğulayıb və kollektivə uğurlar arzulayıb.
Sərgidə fəxri qonaq kimi ADRA-nın müəllimi Zinaida Mirzəzadə, ehtiyatda olan gizir Könül Əzimov və rəssam Firdovsi Hacıyev iştirak edib.
Sonda rəssamlara sərgidə iştirak diplomları təqdim olunub və xatirə fotoları çəkilib.
Aygün Oqtay,
Fotoların müəllifi: Ayaz


































