Bakı şəhərində Misir Mədəniyyət Mərkəzində “Azərbaycan Misir Dostluğu Nəsillərdən Nəsillərə” adlı sərgi təşkil olunub.
Avropa.info xəbər verir ki, layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgi Beynəlxalq Qalereya və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə Azərbaycanın müxtəlif bölgələrindən olan 120 rəssam iştirak edib. Nümayiş olunan əsərlər Azərbaycan və Misir mədəniyyəti, eləcə də bu ölkələrin zəngin təbiətinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan Misir Mədəniyyət Mərkəzinin rəhbəri Tarek Aboul Fotouh sərgi iştirakçılarını salamlayaraq Beynəlxalq Qalereya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. O, gələcəkdə bu əməkdaşlığın yeni layihələrlə davam etdiriləcəyini vurğulayıb.
Daha sonra söz Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verilib. Elnurə xanım çıxışında Misir Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. O, rəhbərlik etdiyi qurumun əsas məqsədinin dövlətlər arasında mədəni əlaqələrin inkişafına töhfə vermək olduğunu diqqətə çatdırıb.
Sərgidə RM ART Studionun rəhbəri, ADPK-nin müəllimi Rəsmiyyə Mahmudova, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, “Uğur Art Life” kursunun rəhbərləri Jalə Məhyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, “ABC School” Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, AlMart Studionun rəhbərləri Mariya Əliyeva və Almaz Məmmədzadə, Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə, MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova və müəllimi Könül Məmmədova, Elmira ART Studionun rəhbəri Elmira Həsənova tələbələri ilə birlikdə, Respublika İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, ADRA-nın müəllimləri Vəfa Tağızadə və Zinaida Mirzəzadə, eləcə də rəssamlar Vüqar Şıxəliyev, Məleykə Eyvazova, Orxan Eyvazov, Aydan Məmmədova, Cavidan İsayev, Elvira Elvee, Nərminə Uluxanova və Leyla Orucova iştirak ediblər.
Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib. Tədbirin sonunda iştirakçılar çay və şirniyyat süfrəsi ətrafında bir araya gəliblər. Sonda Misir Mədəniyyət Mərkəzi tərəfindən rəssamlara sərgidə iştiraklarına görə sertifikatlar təqdim olunub və xatirə fotoları çəkdirilib.
Aygün Oqtay
Fotolar Ayaza məxsusdur


































