18 noyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “Uşaq hüquqları aylığı” çərçivəsində “Hər kəs üçün təhlükəsiz internet” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Avropa.info bildirir ki,tədbirdə 3 nömrəli Respublika Xüsusi İnternat məktəbi, 1 nömrəli UGİM, 1 saylı Uşaq Evi Sosial Xidmət müəssisəsi və M. Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Kitabxana əməkdaşının məlumatlandırıcı çıxışından sonra şagirdlərə işarət dilinə uyğunlaşdırılmış “Uşaq Hüquqları Konvensiyası” video resursu təqdim olunub.
Tədbir zamanı uşaqların hüquqları, təhlükəsiz və sağlam mühitdə böyümələrinin əhəmiyyəti vurğulanıb, eşitmə və nitq çətinlikləri olan uşaqlar üçün inklüziv resurslar təqdim olunub. Tədbir boyunca işarə dili təlimçisi fəaliyyət göstərib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri rəqəmsal məkanda təhlükəsiz davranış, kibertəhlükələrdən qorunma, şəxsi məlumatların mühafizəsi və internetdə risklərin tanınması mövzularında çıxış ediblər. İnternetin faydalı və təhlükəli tərəfləri izah olunub, sosial şəbəkələrdə gizlilik ayarlarının düzgün qurulması, onlayn ünsiyyətdə ehtiyatlı davranış və kibertəhqirlə mübarizə üsulları barədə məlumat verilib. Tədbir çərçivəsində təhlükəsiz internet mövzusunda videoçarx nümayiş etdirilib.
Uşaq Səfirlər Məclisinin üzvləri uşaqlara uşaq hüquqları, onların müdafiəsi və müraciət mexanizmləri barədə məlumat veriblər. Şagirdlər mövzuya həsr olunan sərgi ilə tanış olub, interaktiv sual-cavab sessiyasında fəal iştirak ediblər. Sonda maarifləndirici materiallar təqdim olunub, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edən uşaqlara “Sağlam yaşamı həyat tərzinə çevir” və “İnternetdə təhlükəsizlik qaydalarına riayət et” adlı əlfəcinlər hədiyyə ediblər.
Tədbirin məqsədi uşaqlara Uşaq Hüquqları Konvensiyasının əsas müddəalarını çatdırmaq, onların hüquqi biliklərini artırmaq və internetdən istifadədə məsuliyyətli, təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır.































