Azərbaycanın tarixi şəxsiyyətlərinin, hökmdarlarının və milli qəhrəmanlarının xatirəsinin hüquqi müdafiəsinə dair dövlət konsepsiyası hazırlanmalı, tarixin təhrifi və təhqirinə görə hüquqi məsuliyyət müəyyən edilməlidir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Azərbaycanın milli-mədəni irsinin qorunması, qanunvericilikdəki hüquqi boşluqlar və sosial şəbəkələrdə artan təhqir kampaniyalarını şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“Qanunvericilikdə Hüquqi Boşluq Mövcuddur”
Ekspert hazırkı qanunvericiliyin tarixi şəxsiyyətlərin xatirəsini birbaşa qorumadığını vurğulayıb:
“Hazırda Azərbaycan qanunvericiliyində tarixi şəxsiyyətlərin xatirəsinin, hökmdarların qəsdən təhqirinə və ya yanlış, aşağılayıcı məlumatların yayılmasına görə ayrıca cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmur. Düzdür, Cinayət Məcəlləsinin 324-cü maddəsi Dövlət Bayrağına və Gerbinə qarşı təhqiredici hərəkətlərə görə məsuliyyət müəyyən edir, habelə ‘Mədəniyyət haqqında’ və ‘Tarix və mədəniyyət abidələrinin qorunması haqqında’ qanunlar mövcuddur. Lakin bu normalar tarixi şəxsiyyətlərin və milli qəhrəmanların xatirəsinin hüquqi mühafizəsini birbaşa əhatə etmir. Bu sahədəki boşluq təcili aradan qaldırılmalıdır”.
“Hədəf Tarixi Yaddaşı və Milli Kimliyi Sarsıtmaqdır”
MCP rəsmisi son dövrlər xalqın mədəni və tarixi irsinə qarşı hücumların artmasına diqqət çəkib:
“Atabəy Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Xətai, Şah Təhmasib, Nadir Şah, Cavad xan, Babək, Koroğlu, eləcə də Həzi Aslanov, Mehdi Hüseynzadə, Mübariz İbrahimov, Albert Aqarunov, Çingiz Mustafayev, Polad Həşimov kimi qəhrəmanlarımız, həmçinin Nizami, Nəsimi, Füzuli, Axundzadə, Cavid, Üzeyir Hacıbəyli kimi dühalarımız barədə təhqiramiz və alçaldıcı çıxışların artması ciddi narahatlıq doğurur. Bu hücumların əsas məqsədi Azərbaycanın tarixi yaddaşını zəiflətmək, milli kimliyini və dövlətçilik ənənələrini nüfuzdan salmaqdır”.
“Cinayət və İnzibati Xətalar Məcəlləsinə Dəyişikliklər Edilməlidir”
Başqan müavini hüquqi mexanizmlərin formalaşdırılması üçün konkret təkliflər irəli sürüb:
“Vahid dövlət konsepsiyasında elmi tədqiqat və obyektiv tənqiddən açıq təhqirin sərhədləri dəqiq ayrılmalıdır. Bunun davamı olaraq ‘Mədəniyyət haqqında’ Qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Milli-mədəni irsə qarşı təhqiredici hərəkətlərə görə məsuliyyət müəyyən olunmalı, bu əməllərin vəzifəli şəxslər tərəfindən törədilməsi isə ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, sosial şəbəkələrdə və mediada bu tür hüquqazidd əməllərə operativ qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarının səlahiyyətləri dəqiqləşdirilməlidir. Bu addım söz azadlığının məhdudlaşdırılması deyil, dövlətçilik irsinin və milli yaddaşın qorunmasıdır”.






























