Yunanıstan oktyabrda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik etməyə başlayıb.
Avropa.info xəbər verir ki, Yunanıstanın BMT-dəki daimi nümayəndəsi Aqlaia Balta BMT Baş Qərargahında keçirilən mətbuat konfransında Şuranın iş proqramı haqqında məlumat verib.
“BMT Nizamnaməsinə və beynəlxalq hüquqa, habelə Şuranın prosedur qaydalarına və razılaşdırılmış iş metodlarına” uyğun olaraq bu ay sədrlik edəcəklərini ifadə edən Balta, BMT-nin növbəti baş katibinin seçilməsi üçün keçiriləcək iki mühüm tədbir, iki açıq müzakirə və praymerizdən ibarət oktyabr ayı üçün proqramı açıqladı.
Balta, əsas tədbir olaraq oktyabrın 26-da Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritisin sədrliyi ilə “uşaqlar və silahlı münaqişələr” mövzusunda toplantı keçirəcəklərini, Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin isə oktyabrın 29-da dəniz təhlükəsizliyinə vurğu edilməklə, yeni texnologiyalarla sülh və təhlükəsizliklə bağlı iclasa sədrlik edəcəyini bildirib.
Bundan başqa, Balta oktyabrın 15-də Yaxın Şərq, 27-də isə “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda açıq sessiyaların keçiriləcəyi ilə bağlı məlumatı paylaşaraq, oktyabrın 21-də və 22-də BMT Təhlükəsizlik Şurası ilə Afrika İttifaqı Sülh və Təhlükəsizlik Şurası arasında qeyri-rəsmi birgə seminarın keçiriləcəyini də bildirib.
Balta BMT-nin yeni baş katibinin seçilməsi prosesinə də toxunaraq, “Oktyabr ayı bizim irəliləyiş əldə etməmiz və bəlkə də yeni baş katiblə bağlı razılığa gəlməyimiz lazım olan aydır”
Yeni baş katibin müəyyənləşdirilməsi üçün ayın birinci və ikinci yarısında keçiriləcək ilkin seçkilərə vaxt ayrıldığını bildirən Balta Şuranın bu məsələ ilə bağlı məsləhətləşmələrini davam etdirəcəyini qeyd edib.
BMT Təhlükəsizlik Şurası veto hüququna malik 5 daimi üzvdən (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) və 2 il müddətinə seçilən 10 müvəqqəti üzvdən ibarətdir. BMT Təhlükəsizlik Şurasının üzvləri hər ay növbə ilə Şuraya sədrlik edirlər.





























