Rusiya-Ukrayna müharibəsində danışıqlar prosesinin dalana dirənməsi, Moskva tərəfinin cəbhədə öz əsas hədəflərinə çata bilməməsi və canlı qüvvə qıtlığını doldurmaq üçün Şimali Koreya hərbçilərini prosesə cəlb etməsi hərbi-siyasi təhlilçilərin diqqət mərkəzindədir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə cəbhədəki son vəziyyəti və eskalasiya risklərini şərh edərkən deyib.
Ekspert Rusiyanın cəbhədəki ilkin planlarının baş tutmadığını və bu səbəbdən danışıqlar masasında irəliləyişin olmadığını vurğulayıb:
“Rusiya hələlik Ukrayna ilə müharibədə öz əsas hədəflərinə çata bilmir. İlkin mərhələdə məqsəd Donbasda inzibati sərhədlərə tam çıxmaq idi. Məhz buna görə də danışıqlar prosesi dalana dirənib. Hazırda Rusiya əlavə hərbçilər cəlb edir. Qeyd edim ki, Rusiya ordusuna daha əvvəl də Şimali Koreyadan hərbçilər cəlb olunmuşdu. İndi onların sayının artırılaraq 30 minə yaxın hərbçinin gətirilməsinin planlaşdırıldığı bildirilir. Bu qüvvələrin də Donbas istiqamətində yerləşdirilməsi gözlənilir”.
Şərhçi Şimali Koreya kontingentinin artırılmasına cavab olaraq Qərb dövlətlərinin də analoji addımlar ata biləcəyini diqqətə çatdırıb:
“Əgər Rusiya bu addımı atarsa, düşünürəm ki, Qərb də eyni vəziyyətə cavab olaraq Ukraynaya qoşun göndərə bilər. Nəticədə isə eskalasiya daha da genişlənər. Polşa, Almaniya və Böyük Britaniya kimi ölkələrin də Ukraynaya yeni qoşunlar göndərməsi ehtimalı müzakirə oluna bilər. Bu isə birbaşa Rusiyanın atacağı addımlara cavab olaraq münaqişənin daha geniş regional eskalasiyaya çevrilməsi riskini artırar”.
MCP rəsmisi əlavə canlı qüvvənin döyüş meydanında ciddi üstünlük yaratmayacağını bildirərək fikrini yekunlaşdırıb:
“Rusiya səfərbərliyə gedir, ordunun sayını artırır, amma göründüyü kimi heç bir cəbhə istiqamətində ciddi irəliləyişə nail ola bilmir. Rusiya Şimali Koreyadan əlavə hərbçilər cəlb etsə belə, bunun müharibənin gedişində müsbət nəticə verəcəyi gözlənilmir. Əksinə, Rusiya tərəfi daha çox itki verə bilər. Çünki yeni texnologiyalar və silah sistemləri ilə Ukraynanın hərbi imkanları güclənir və bu şəraitdə Rusiya cəbhədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməkdə çətinlik çəkə bilər”.





























