“1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin işığı ilə fəaliyyətə başlayan ‘Əkinçi’ qəzeti təkcə azad sözün deyil, həm də milli özünüdərk və dirçəliş hərəkatının bünövrəsini qoydu. Ötən 151 illik zəngin və şərəfli tarix göstərir ki, Azərbaycan mətbuatı hər zaman cəmiyyətin mənəvi aynası, xalqın azadlıq səsi və milli dəyərlərimizin ən etibarlı keşikçisi olmuşdur”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Mətbuat Günü münasibətilə Azərbaycan mediasının keçdiyi şərəfli yolu, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçiliyin möhkəmlənməsində mətbuatın rolunu şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“Mətbuatımız Dövlətçilik Maraqlarının Və Milli İrsin İdeoloji Qalxanıdır”
Millət vəkili qlobal informasiya müharibələri dövründə media mənsublarının üzərinə düşən strateji məsuliyyəti diqqətə çatdırıb:
“Bu gün qlobal informasiya müharibələrinin kəskinləşdiyi, müasir rəqəmsal texnologiyaların cəmiyyətə sürətlə nüfuz etdiyi bir dövrdə mediamızın üzərinə daha məsuliyyətli missiya düşür. Mətbuatımız təkcə xəbər istehsalçısı deyil, həm də dövlətçilik maraqlarının, milli-mənəvi irsin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm ideoloji qalxandır. Vətən müharibəsində və ondan sonrakı geosiyasi proseslərdə jurnalistlərimizin informasiya cəbhəsində nümayiş etdirdiyi həqiqət uğrunda mübarizə, prinsipiallıq və fədakarlıq xüsusi təqdirəşayəndir”.
“Jurnalistlərimizə Çətin Və Şərəfli Fəaliyyətlərində Uğurlar Arzulayıram”
MCP başqanı bütün media işçilərini peşə bayramı münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb:
“Söz azadlığı, obyektivlik və dövlətə sədaqət prinsiplərini uca tutan, xalqın səsini lazımi ünvanlara çatdıran və milli maraqlarımızı layiqincə müdafiə edən bütün media mənsublarını 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Çətin, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yorulmaz yaradıcılıq şövqü, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram!”





























