F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə uşaq yazıçısı Elvira Məmmədova ilə balaca oxucuların görüşü təşkil olunub.. Maarifləndirici və interaktiv formatda keçirilən tədbirin məqsədi uşaqlarda ana dilinə sevgi aşılanması, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi və müasir Azərbaycan uşaq ədəbiyyatının təbliğidir.
Avropa.info xəbər verir ki, əvvəlcə Elvira Məmmədova 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixi əhəmiyyəti barədə danışaraq dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Yazıçı ana dilinin xalqın milli kimliyini yaşadan ən mühüm mənəvi sərvətlərdən biri olduğunu vurğulayıb və uşaqları Azərbaycan dilini sevməyə, ondan düzgün istifadə etməyə və daha çox kitab oxumağa çağırıb.
Görüşün ən yaddaqalan anlarından biri yazıçının müəllifi olduğu “Düymə” kitabının təqdimatı olub. Müəllif əsəri bədii ifadə tərzi ilə səsləndirərək balaca oxucuları nağılın sehrli dünyasına səyahətə aparıb. Əsərin qəhrəmanları və onların macəraları uşaqlarda böyük maraq doğurub, təqdimat iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Təqdimatdan sonra uşaqların iştirakı ilə nağıl əsasında viktorina təşkil olunub. Balaca oxucular sualları böyük həvəslə cavablandıraraq diqqət, yaddaş və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən iştirakçılara nağıl kitabları hədiyyə olunub.
Görüşün sonunda təşkil edilən rəngləmə saatı isə uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına imkan yaradıb. Balacalar müxtəlif rəsmləri böyük həvəslə rəngləyərək təxəyyüllərini və bədii zövqlərini nümayiş etdiriblər.
Qeyd edək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası milli-mənəvi dəyərlərin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, müasir Azərbaycan uşaq ədəbiyyatının tanıdılması və yazıçı-oxucu əlaqələrinin möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirir. Uşaqların intellektual və mənəvi inkişafına töhfə verən maarifləndirici layihələr, müəlliflərlə görüş və kitab müzakirələri davam etdiriləcək.































