Klassik Xalq Cəhbəsi Partiyası (KXCP) 29 yanvar 2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.
Bu barədə Avropa.info-ya KXCP-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, 29 yanvar 2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərində Klassik Xalq Cəhbəsi Partiyası öz namizədləri ilə iştirak edib. Namizədlərin qeydə alınması zamanı heç bir namizədə süni əngəllər yaradılmayıb və bütün namizədlər qeydə alınıb.
“Seçki qanunvericiliyinə uyğun olaraq namizədlərə təbliğat – təşviqat işləri aparmaq üçün bütün imkanlar yaradılıb. Namizədlərə təbliğat – təşviqat işləri aparmaq məqsədilə açıq və qapalı görüş yerləri ayrılması ilə bərabər, məhəllədaxili görüşlərin keçirilməsində də heç bir maneə yaradılmayıb.
Səsvermə günü digər müşahidəçilər də məntəqələrdə seçkinin gedişini canlı şəkildə izləyiblər.
Klassik Xalq Cəhbəsi Partiyasının 112 nəfər müşahidəçisi seçkiləri məntəqə və dairələrdə canlı izləyib.
Səsvermə məntəqələrində seçicilərin, qanunauyğun, rahat şəkildə səsverməsi üçün hər cür şərait yaradılıb”, – deyə məlumatda bildirilir.
KXCP yuxarıda qeyd edilənləri nəzərə alaraq, 29 yanvar 2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkilərini təhlükəsiz, demokratik və azad rəqabət mühitində keçirildiyini bəyan edir.