29 sentyabr tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.
Avropa.info xəbər verir ki, təlimdə Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak ediblər. Təlim zamanı müasir kitabxana işinin təşkili, peşəkar fəaliyyətin təkmilləşdirilməsi, kitabxana xidmətlərinin səmərəli təşkili və əməkdaşların iş prosesində istifadə etdiyi bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Kitabxananın avtomatlaşdırma və kompüterləşdirmə şöbəsinin müdiri Vəfa Ağamizəyeva KOHA AKİS proqramının əsas funksiyaları, istifadə imkanları və kitabxana işində tətbiqi barədə kitabxanaçılara ətraflı məlumat verib. Mövzu slayd təqdimatı vasitəsilə əyani şəkildə izah olunub, proqramın iş prinsipləri və əsas bölmələri əməkdaşların diqqətinə çatdırılıb.
Təlimdə KOHA-nın kitabxana fondunun elektron şəkildə idarə olunmasında, kitabların qeydiyyata alınması və kataloqlaşdırılmasında, oxucular haqqında məlumatların sistemləşdirilməsində, kitabxana resurslarının axtarışının asanlaşdırılmasında və digər kitabxana proseslərinin avtomatlaşdırılmasında imkanları haqqında məlumat verilib.
Təqdimat zamanı proqramın müxtəlif bölmələri izah olunaraq əməkdaşların gündəlik iş prosesində KOHA-dan daha səmərəli istifadə etmələri üçün praktik tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, proqramla işləyərkən diqqət yetirilməli əsas məqamlar, məlumatların sistemə düzgün daxil edilməsi və elektron kataloqdan istifadə qaydaları barədə fikir mübadiləsi aparılıb.
Təlim interaktiv şəraitdə keçib. Əməkdaşları maraqlandıran suallar cavablandırılıb, KOHA proqramının kitabxana fəaliyyətində tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Keçirilən belə təlimlər kitabxana əməkdaşlarının müasir informasiya texnologiyalarından istifadə bacarıqlarının inkişaf etdirilməsinə, iş prosesinin daha operativ və səmərəli təşkilinə, həmçinin kitabxana xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir.
Köçərli adına Respublika Uşaq Kitabxanasında bu istiqamətdə keçirilən maarifləndirici və peşəkar inkişaf yönümlü tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.






























