Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında İsrail Baş nazirinin çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi beynəlxalq və regional platformalarda, xüsusən sosial şəbəkələrdə müəyyən dairələr tərəfindən məqsədli şəkildə tirajlanmaqdadır. Azərbaycanın xarici siyasət kursunu şübhə altına almaq, eləcə də Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərində süni ziddiyyətlər yaratmaq cəhdləri ölkəmizin müstəqil diplomatiyasına qarşı yönəlmiş növbəti qərəzli kampaniyadır.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov BMT Baş Assambleyasında baş verən diplomatik müzakirələri və Azərbaycanın xarici siyasət prinsiplərini şərh edərkən bildirib.
Ekspert Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu strateji xəttin sarsılmazlığını xüsusi vurğulayıb:

“Azərbaycanın İsrail, İran, İsrail-Fələstin və İsrail-Türkiyə münasibətlərinə dair mövqeyi emosional deyil, dövlətin milli maraqlarına və uzunmüddətli strateji prioritetlərinə əsaslanan xarici siyasət xəttidir. Azərbaycanın bu qarşıdurmalarda konkret dövlət maraqlarına uyğun formalaşmış mövqeyi mövcuddur və bu mövqe hər hansı başqa dairənin, siyasi qüvvələrin gözləntisi, ictimai emosiyası və ya sosial şəbəkələrdə formalaşdırılan təzyiq əsasında dəyişdirilə bilməz. Azərbaycan nümayəndə heyətinin davranışı dövlət siyasəti və milli maraqlar kontekstində qiymətləndirilməlidir”.
Analitik Azərbaycanın mənəvi-siyasi dəyərlərinə və çətin günlərdə göstərilən dəstəyə verdiyi yüksək dəyərə diqqət çəkib:
“Məsələnin ikinci tərəfi isə Azərbaycanın milli mentaliteti, siyasi-mədəni yaddaşı və dostluq münasibətlərinə yanaşması ilə bağlıdır. Azərbaycan xalqının milli xarakterində dostu dost, düşməni düşmən kimi qəbul etmək, xüsusilə də çətin günlərdə yanında olmuş tərəfə qarşı sədaqəti qorumaq mühüm mənəvi-siyasi dəyər kimi formalaşıb. Azərbaycan üçün dostluq yalnız əlverişli şəraitdə mövcud olan münasibət deyil; əsl dostluğun mahiyyəti məhz mürəkkəb və çətin məqamlarda ortaya çıxır”.
Başqan müavini Azərbaycanı “müsəlman həmrəyliyində” ittiham edənlərə tarixi həqiqətləri xatırladaraq sərt reaksiya verib:
“Azərbaycan ərazilərini işğal edib, az qala 30 il işğalda saxlayan, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Ermənistan liderləri Koçaryan və Sarkisyanın BMT-nin ali kürsüsündən çıxışı zamanı hansı türk-müsəlman dövləti işğala, Xocalı qətliamına etiraz əlaməti olaraq zalı tərk edib? Heç biri! İndi Azərbaycanı müsəlman həmrəyliyində ittiham etmək heç bir əxlaq normasına sığmır. Nümayəndə heyətimizin zalı tərk etməməsi etibarlılıq, milli yaddaş, sədaqət və dostluq münasibətlərinə hörmətin ifadəsidir”.
MCP rəsmisi Azərbaycanın balanslaşdırılmış və prinsipial diplomatiyasının dövlətçilik maraqlarına xidmət etdiyini bildirərək fikirlərini yekunlaşdırıb:
“Azərbaycan ən çətin dövrlərində yanında olmuş dostlarının göstərdiyi siyasi və mənəvi dəstəyi unutmayan dövlət kimi çıxış edir. Bu, hər hansı dövlətə qarşı yox, öz münasibətlərinə və siyasi yaddaşına sadiq qalmaq məsələsidir. Ən əsası isə, Azərbaycanın dövlətlərarası gələcək münasibətlərinə etimad bazasını möhkəmləndirir, yeni müttəfiqlik baxışları formalaşdırır. Azərbaycanı beynəlxalq arenada xüsusi nüfuz və söz sahibi edən məhz xarici siyasətinin müstəqil qərar qəbul etmək və strateji tərəfdaşlıqlar arasında tarazlığı qorumaq bacarığıdır”.





























