Pandemiya dövründən bəri Azərbaycan-Gürcüstan quru sərhədlərinin bağlı qalması artıq sadəcə inzibati qərar deyil, xalqımız üçün ciddi bir zülmə çevrilib. Borçalı camaatı illərdir həsrət içindədir; ahıl analar övlad yolunu, xəstə atalar qızlarını gözləyir. Beş yüz min soydaşımızın yaşadığı bir bölgə ilə gediş-gəlişin məhdudlaşdırılması onların mənəvi təcrid olunmasına və kəndlərimizin boşalmasına yol açır.
Bunu Avropa.info-ya Milli Cəbhə Partiyasının başqan müavini Rafiq Daşdəmirli deyib.
İqtisadi yük və mənəvi ayrılıq…
MCP rəsmisi qeyd edib ki, hava yolu ilə səyahət həm baha, həm də əlçatan deyil:
“Quru sərhədlərin bağlı qalması biznes fəaliyyəti ilə məşğul olan insanlarımıza zərbə vurur, vətəndaşlarımızın kasıblaşmasına səbəb olur. Borçalıda gənclər işsizlikdən başqa ölkələrə üz tutur, yaşlılar isə kəndlərdə tənha qalır. Altı ilə yaxındır davam edən bu məhdudiyyətlər insanların inamını bitirib. İndi bir sual çıxır: sərhədlərin bağlı qalması kimə sərf edir? Bizə yoxsa gürcülərə? Görünən odur ki, bu vəziyyətdən ən çox əziyyət çəkən elə bizik”.

Milli təhlükəsizlik…
Partiya funksioneri sərhəd probleminin siyasi tərəflərinə də diqqət çəkib:
“Gediş-gəlişin azalması nəticəsində Gürcüstanda ara qarışdıran millətçilərin baş qaldırması artıq ciddi bir problemə çevrilib. Soydaşlarımızın mənəvi vətənindən ayrı salınması milli birliyimizə xələl gətirir. Yeni virus bəhanələri isə ümidləri puça çıxarır. Əgər tam açmaq mümkün deyilsə, heç olmasa birtərəfli qaydada yolların açılması gündəmə gəlməlidir. Bu zülmə son qoymaq, qəti qərar vermək zamanı çatmayıbmı?”
Avropa.info






























