Türk dövlətləri arasında əməkdaşlıq uzun müddət əsasən ortaq tarix, dil və mədəniyyət amilləri üzərində qurulsa da, son illərdə bu münasibətlər siyasi, iqtisadi, hərbi və nəqliyyat sahələrini əhatə edən sistemli tərəfdaşlığa çevrilib.
Sabiq millət vəkili Qulamhüseyn Əlibəyli Avropa.info-ya açıqlamasında bildirib ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci toplantısı türk dünyası daxilində əməkdaşlığın yeni – mənəvi birlik istiqamətinin də institusional xarakter almağa başladığını göstərir.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən toplantının əhəmiyyəti yalnız TDT məkanının dini rəhbərlərinin bir araya gəlməsi ilə məhdudlaşmır:
“40-a yaxın ölkədən və 18 beynəlxalq təşkilatdan təxminən 200 din xadiminin iştirak etdiyi toplantı türk dünyasının sərhədlərini aşan beynəlxalq dialoq platformasına çevrildi. Bu geniş təmsilçilik Azərbaycanın müxtəlif dini və mədəni mərkəzlər arasında əlaqələndirici rolunun da göstəricisidir”.
Qulamhüseyn Əlibəylinin fikrincə, toplantının mühüm nəticələrindən biri Bakı Bəyannaməsinin qəbul olunmasıdır. Lakin o hesab edir ki, belə tədbirlərin əhəmiyyətini yalnız qəbul edilən sənədlərlə ölçmək düzgün olmaz:
“Əsas məsələ türk dövlətləri arasında siyasi və iqtisadi yaxınlaşmanın ortaq mənəvi məsuliyyət anlayışı ilə tamamlanmasıdır. Türk dünyası vahid dini məkan deyil. Eyni dinə mənsub xalqların tarixi təcrübələri, dini idarəçilik modelləri və dünyəvilik anlayışları bir-birindən fərqlənir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın hər biri dövlət-din münasibətlərində özünəməxsus yol keçib”.
Sabiq deputat qeyd edib ki, dini rəhbərlərin bir masa arxında toplaşmasını bütün ölkələri eyni dini modelə uyğunlaşdırmaq cəhdi kimi deyil, fərqli təcrübələr arasında ortaq mövqelərin müəyyənləşdirilməsi kimi qiymətləndirmək lazımdır.
“Bu mövqelərin əsasında mötədillik, məzhəblərarası anlaşma, dini radikalizmin rədd edilməsi və milli dövlətçiliyə hörmət dayanır. Başqa sözlə, dini kimlik dövlətlərin dünyəvi quruluşuna qarşı qoyulmur. Əksinə, mənəvi dəyərlər cəmiyyətin sabitliyinə və dövlətlərarası əməkdaşlığa xidmət edən amilə çevrilə bilər”, – deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.
O bildirib ki, müasir dünyada din yalnız ibadət və fərdi etiqad məsələsi deyil, həm də ictimai davranışa, milli kimliyə və müəyyən hallarda siyasi proseslərə təsir edən mühüm amildir:
“Dini təbliğatın sosial şəbəkələr vasitəsilə sərhəd tanımadığı bir şəraitdə radikal ideyalar da sürətlə yayıla bilir. Buna görə türk dövlətlərinin dini təsisatları arasında əməkdaşlıq artıq yalnız simvolik xarakter daşımır. Bu əməkdaşlıq təhlükəsizlik və ictimai sabitlik baxımından praktik zərurətə çevrilir”.
Qulamhüseyn Əlibəyli toplantının Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla eyni vaxtda keçirilməsinin də xüsusi məna daşıdığını qeyd edib. Onun sözlərinə görə, XV əsrin böyük Azərbaycan mütəfəkkirinin irsi mənəvi kamilliyi, əxlaqı və insanın daxili aləmini ön plana çıxaran İslam düşüncəsini təmsil edir.
“Bu irsə müraciət sadəcə tarixi şəxsiyyətin xatırlanması deyil. Bu, din adından zorakılığa, məzhəbçilik siyasətinə və dözümsüzlüyə qarşı alternativ ideya mənbəyinin təqdim edilməsidir. Radikal cərəyanların dini zahiri qaydalar və qarşıdurma vasitəsi kimi təqdim etdiyi bir dövrdə Yəhya Bakuvinin mənəvi məktəbi İslamın insanı saflaşdıran və cəmiyyəti birləşdirən mahiyyətini ön plana çıxarır”, – deyə sabiq deputat bildirib.
O hesab edir ki, Azərbaycanın bu məsələdə əsas üstünlüklərindən biri təqdim olunan yanaşmanın yalnız nəzəri tezis deyil, ölkənin ictimai təcrübəsində də özünü göstərməsidir:
“Azərbaycanda sünni və şiə müsəlmanların birgə dini mərasimlər keçirməsi, müxtəlif konfessiyaların dinc yanaşı yaşaması və dünyəvi dövlətçilik prinsipinin qorunması bu yanaşmaya real ictimai məzmun verir”.
Qulamhüseyn Əlibəyli toplantı çərçivəsində Ağdam və Xocalının ziyarət proqramına daxil edilməsinin də tədbirin mənəvi-siyasi məzmununu genişləndirdiyini bildirib.
Onun sözlərinə görə, Ağdam Cümə məscidi yalnız dini abidə deyil, həm də işğalın, dağıntının və sonrakı bərpa prosesinin şahididir:
“Türk və İslam dünyasının dini rəhbərlərinin həmin məkanda olması yaddaş, ədalət və bərpa anlayışlarını birləşdirən simvolik mesajdır. Bu mesaj keçmişin ağrılarını əbədi qarşıdurmaya çevirməyə deyil, tarixi həqiqəti unutmadan sülh qurmağa çağırmalıdır. Dini liderlərin rolu da məhz burada meydana çıxır. Onlar cəmiyyətlərdə intiqam deyil, ədalətə əsaslanan barış düşüncəsini gücləndirməlidirlər”.
Sabiq millət vəkili Prezident İlham Əliyevin dini liderlərlə görüşdə sülhə, əməkdaşlığa və barışığa yönəlmiş sözün cəmiyyətlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamasını toplantının əsas siyasi mesajlarından biri kimi dəyərləndirib.
O qeyd edib ki, belə görüşlərin hər il və ya iki ildən bir keçirilməsi ilə bağlı təşəbbüs dini əməkdaşlığın daimi platformaya çevrilməsi baxımından əhəmiyyətlidir.
Qulamhüseyn Əlibəylinin fikrincə, Bakı toplantısının real nəticələri isə növbəti mərhələdə daha aydın görünəcək:
“Əgər dini rəhbərlər Şurasının fəaliyyəti yalnız görüşlər və bəyannamələrlə məhdudlaşsa, onun ictimai təsiri də məhdud qalacaq. Şuranın ortaq dini-maarifləndirici proqramlar hazırlaması, gənclər arasında radikallaşmaya qarşı əməkdaşlıq etməsi, rəqəmsal məkanda dini dezinformasiya ilə mübarizə aparması və din xadimlərinin qarşılıqlı təcrübə mübadiləsini təşkil etməsi vacibdir”.
Sabiq deputat TDT çərçivəsində yaradılmış Fətva Komitəsinin fəaliyyətinin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığını söyləyib:
“Dini məsələlər üzrə razılaşdırılmış mövqelər fikir ayrılıqlarını azaltmaqla yanaşı, kənardan ixrac edilən radikal ideoloji təsirlərə qarşı ortaq intellektual müdafiə formalaşdıra bilər. Burada məqsəd dini düşüncəni mərkəzləşdirib müxtəlifliyi aradan qaldırmaq deyil, əsas mənəvi və hüquqi məsələlərdə sağlam əməkdaşlıq mühiti yaratmaqdır”.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Bakı toplantısının əsas mesajı türk dünyasının birliyinin yalnız ortaq mənşə, dil və tarix üzərində qurula bilməyəcəyidir:
“Bu birlik ortaq məsuliyyət, mənəvi dəyərlər və gələcək haqqında uyğun baxışla möhkəmlənməlidir. Siyasət dövlətləri yaxınlaşdırır, iqtisadiyyat onların qarşılıqlı maraqlarını artırır, nəqliyyat yolları coğrafiyanı birləşdirir. Mənəvi həmrəylik isə xalqları bir-birinə yaxınlaşdırır. Bakıda keçirilən toplantının strateji mənası məhz bu sonuncu körpünün qurulmasındadır”.
Onun sözlərinə görə, qəbul edilmiş Bakı Bəyannaməsi praktik layihələrlə davam etdirilərsə, Dini İdarə Rəhbərləri Şurası TDT-nin yalnız mərasim xarakterli deyil, cəmiyyətlərin düşüncəsinə təsir göstərən mühüm institutlarından birinə çevrilə bilər.
“Beləliklə, Bakı toplantısı türk dünyasının siyasi birliyinə mənəvi məzmun qazandıran yeni mərhələnin başlanğıcı kimi tarixə düşə bilər”, – deyə Qulamhüseyn Əlibəyli əlavə edib.





























