Elmlə dini üz-üzə qoymaq doğru deyil, hərəsinin öz yeri var. Dinə ikrah yaratmaq üçün elmi dinə qarşı qoyurlar. Guya dünyadakı bütün mənfi halların səbəbkarı din yaxud dinlərmiş. Bu, yanlış, qərəzli və subyektiv yanaşmadır. Bu gün bəşəriyyəti təhdid edən nüvə silahını din yaxud hansısa peyğəmbər icad etməyib. Nə Stalin, nə də Hitler dindar, inanclı deyildi. Naqasaki və Hiroşimaya 1945-ci ildə atom bombasını da peyğəmbərlər atmayıb və o silah hansısa müqəddəs kitabın nəzəriyyəsi əsasında hazırlanmayıb. Əgər dində müəyyən problemlər varsa, bu heç şübhəsiz elmdə də var.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.
“Din Elmə İstiqamət Verir…”
İlahiyyatçı elmlə dinin qarşılıqlı əlaqəsini və tarixən bu ikilinin necə uzlaşdırıldığını diqqətə çatdırıb:
“Filosoflar Əl Kindi, Cahiz, Əbu Nəsr Fərabi, İbn Rüşd və başqaları dinin heç də elmdən uzaq olmadığını isbatlayırdılar. Din sadəcə istiqamətdir, yerdə qalan detalları artıq elm və ağıl müəyyən edir. Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz. Ona görə Quranın mesajları elm sayəsində, ağıl vasitəsilə tətbiq olunmalıdır. Elm faydalı istifadə olunduqda dəyər qazanır. Din elmə istiqamət verir. Doğru istiqamət olmayanda alim bəşəriyyət üçün faydalı şey deyil, kütləvi qırğın silahının layihəsini hazırlayacaq”.
“Elmsiz Din Topal, Dinsiz Elm Kordur”
MCP rəsmisi dinin reformlara və elmi tənqidlərə açıq olmasının vacibliyini də vurğulayıb:
“Din düzgün istiqamət verəndən sonra Məhəmməd Peyğəmbər demişkən, elm üçün lap Çinə də gitmək olar. Hansısa dahinin belə bir sözü var ki, ‘elmsiz din topal, dinsiz elm kordur’. Elm olmasa din də inkişaf edə bilməz, yalnız doqmatik proqram üzrə standart orta əsr adətlərini dövrə daşıyar və bəşəri inkişafdan saxlayar. Lakin dinin üzünə reform qapısını bağladılar və elmlə din əks cəbhələrdə yer aldı. Dinsiz elm isə zəlalətə aparan ən asan yoldur. Dinsiz elm savadlı, təhsilli, lakin vicdansız, ləyaqətsiz adam kimidir. Elm əxlaqi, mənəvi dəyərlərlə paralel şəkildə inkişaf etməli, din də elmi tənqidlərə açıq olmalıdır ki, zamanla ayaqlaşsın”.






























