Bankların tətbiq etdiyi həddən artıq yüksək faizli kreditlərin cəmiyyətdə yaratdığı maddi, mənəvi və psixoloji fəsadlar, həmçinin pensiya yaşına çatmadan vəfat edən vətəndaşların toplanmış vəsaitlərinin ailələrinə verilməməsi məsələsi sosial gərginliyin əsas səbəblərindən biri kimi çıxış edir. Əhalinin sosial müdafiəsini gücləndirmək üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) toplanan vəsaitlərin hesabına vətəndaşlara faizsiz borc verilməsi mexanizminin yaradılması təklif olunur.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Tural İrfan deyib.
MCP rəsmisi pensiya sistemindəki mövcud ədalətsizliyi və vətəndaşların öz yığımlarından yararlana bilməməsini kəskin tənqid edib:
“Əhalinin pensiya fonduna yığılan öz pulundan özünə faizsiz kreditlərin verilməsi haqda düşünülməlidir. Bu gedişlə çox adam onsuz da pensiya yaşına çatmayacaq, barı heç olmasa öz pulunu özünə borc versələr, nakam köçənlər də o vəsaitdən nigaran getməzlər. Çünki DSMF-ə yığılan o pullar pensiya yaşına çatmayıb ölənlərin ailəsinə verilmir. Çünki pensiya yaşına çatmadan ömrünü sona vermiş vətəndaşların külli miqdarda fond pulunun onun ailəsinə zərrə qədər faydası yoxdursa, bu heç bir məntiqə uyğun gəlmir”.
Başqan müavini ağır bank şərtlərinin cəmiyyətin fiziki və psixoloji sağlamlığına vurduğu zərərləri diqqətə çatdırıb:
“Həddən artıq yüksək faizli bank kreditlərinin yaratdığı maddi, mənəvi, psixoloji, sosial fəsadlar nəticəsində kütləvi şəkildə xərçəng və daha ağır xəstəliklər sürətlə yayılır. Bunun hamısı sabaha ümidsizlik və gündəlik stresdəndir. Heç olmasa adamların öz halal pulundan özünə borc verilsin. Bəlkə ümumiyyətlə adamlar heç pensiya yaşına qədər yaşamaq istəmir? Məcbur yaşatmaqmı lazımdır? Məncə elə bir qanun da yoxdur ki, insanı yaşamağa məcbur edəsən”.
Ekspert problemin həlli üçün konkret mexanizm və təklifini irəli sürüb:
“Pensiya fondlarına toplanmış öz pulundan özünə borc vermək lazımdır. Qaytarması üçün də şərait yaradılmalıdır. Əgər tam qaytara bilməsə belə, pensiya yaşına çatanda yerdə qalan məbləğə uyğun da ona təqaüd təyin edilər. Bu addım vətəndaşların bank asılılığından xilas olması və sosial rifahın yüksəlməsi üçün vacibdir”.




























