Rusiya və İranın Azərbaycana qarşı təzyiqləri sistematik və paralel xarakter daşıyır. Xüsusilə Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində praktiki addımların sürətlənməsi Moskva və Tehranın narahatlığını artırıb və onların təzyiq siyasətini daha da fəallaşdırıb.
Son dövrlərdə İran tərəfindən Zəngəzur dəhlizinin keçəcəyi ərazilərlə bağlı hərbi təhdidlərin səsləndirilməsi, SEPAH-a yaxın dairələrin, İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin və digər şəxslərin sərt bəyanatları bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Eyni zamanda, Rusiyada ayrı-ayrı siyasi dairələrin və media nümayəndələrinin Azərbaycana qarşı təhdid xarakterli çıxışları müşahidə olunur. Moskva-24 telekanalının aparıcısı İvan Knyazev, siyasi ekspert Semyon Uralov və Aleksey Çadayevin Azərbaycana qarşı səsləndirdikləri fikirlər də bu kontekstdə qiymətləndirilə bilər.
Lakin burada mühüm məqam var: bu çıxışlar Rusiya dövlətinin rəsmi mövqeyi kimi təqdim edilməsə də, Rusiyanın siyasi mesajlarını media, ekspertlər və müxtəlif səviyyəli məmurlar vasitəsilə ötürməsi yeni hal deyil. Buna görə də həmin bəyanatlar Kremlin Azərbaycana açıq təzyiqinin indikatoru kimi nəzərdən keçirilə bilər.
Bununla belə, Rusiyanın Azərbaycana və bütövlükdə Türkiyəyə qarşı təzyiq imkanları əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə məhdudlaşıb. Əksinə, Ukrayna müharibəsi Rusiyanın iqtisadi, siyasi-diplomatik və geosiyasi asılılıqlarını daha da dərinləşdirib. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi açıq dəstək, Prezident İlham Əliyevin Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu qəbul etməsi və Bakıda Taras Şevçenkonun irsinə göstərilən diqqət və Şevçenko meydanının açılışı Azərbaycanın bu məsələdə müstəqil siyasi mövqeyinin növbəti göstəricisi kimi, həm də Rusiyanın Azərbaycana təhdidlərinin əhəmiyyətsizliyinin akordu və cavabıdır.
Moskva bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, digər tərəfdən isə imperiya təfəkkürünün siyasi reflekslərindən tam imtina edə bilmir. Bu ziddiyyət Rusiyanın Cənubi Qafqaz siyasətində açıq şəkildə görünür.
Zəngəzur dəhlizi məsələsi isə daha geniş geosiyasi qarşıdurmanın yalnız bir elementidir. Rusiya regiondakı təsir imkanlarının zəifləməsini, İran isə Türk dünyasının fiziki bağlantısının güclənməsini öz maraqlarına təhlükə kimi qiymətləndirir. ABŞ-ın prosesdə iştirak etməsi isə Moskva və Tehrana əlavə narahatlıq, təzyiq yaradır.
Əslində, məsələ təkcə Zəngəzur dəhlizindən ibarət deyil. Söhbət Azərbaycanı Türkiyə və Mərkəzi Asiya ilə birləşdirən yeni geosiyasi və iqtisadi xəttin formalaşmasından gedir. Rusiya və İranın bu prosesə müqavimətinin əsas səbəblərindən biri də məhz budur.
Lakin reallıqlar həmçinin yeni regional konfiqurasiya yaradır. Rusiya Ukrayna müharibəsinin yaratdığı ağır geosiyasi nəticələrlə üz-üzədir, İran isə daxili siyasi və iqtisadi problemlərlə yanaşı, həm də daha geniş regional qarşıdurma astanasındadır. Bu şəraitdə Moskva və Tehranın Azərbaycan üzərində əvvəlki miqyasda təzyiq imkanlarına malik olduğunu düşünmək reallığı düzgün qiymətləndirməmək olardı.
Ona görə də Rusiya və İranın Azərbaycana qarşı paralel təzyiq siyasəti daha çox itirilən geosiyasi mövqelərin qorunmasına yönəlmiş son cəhdlər təsiri bağışlayır. Azərbaycan isə dəyişən regional reallıqlar fonunda öz suverenliyini, ərazi bütövlüyünü və Türk dünyası ilə strateji bağlantılarını qorumaq istiqamətində daha geniş manevr imkanlarına malikdir.
Vüqar Dadaşov
Milli Cəbhə Partiyası – MCP başqanı müavini Vüqar Dadaşov.
Avropa.info





























