Krım ərazisində kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb. Məlumata görə, elektrik təchizatının dayanmasına yüksək gərginlikli şəbəkələrdə baş verən texnoloji nasazlıqlar səbəb olub.
Avropa.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi “Krımenerqo”nun qaynar xəttinə istinadən məlumat yayıb.
Şirkətdən bildirilib ki, blekaut (elektrik enerjisinin kütləvi kəsilməsi) “xarici təsirlər” nəticəsində baş verib və hazırda qəza-bərpa işləri aparılır.
“Yüksək gərginlikli şəbəkələrdə xarici təsirlər nəticəsində yaranmış texnoloji pozuntularla əlaqədar Krım Respublikasının bütün şəhər və rayonlarında istehlakçıların elektrik təchizatı kütləvi şəkildə dayandırılıb”, – şirkətdən bildirilib.
Bundan əvvəl Rusiyanın təyin etdiyi Sevastopol rəhbəri Mixail Razvojayev şəhərdən kənarda enerji infrastrukturuna endirilən zərbə nəticəsində elektrik enerjisinin kəsildiyini açıqlamışdı.






























