Yunanıstanda bal ayını keçirən Londondan olan gənc cütlük helikopter qəzasında həlak olublar.
Avropa.info xəbər verir ki, bu barədə “Tsarqrad” “Metro” nəşrinə istinadən məlumat yayıb.
30 yaşlı Aleksandr və Mari tətillərini Yunan adalarında keçirməyi planlaşdıraraq Böyük Britaniyanın paytaxtından Afinaya uçublar. Lakin Afinadan Sifnos adasına uçuş zamanı pilotu olan icarəyə götürülmüş şəxsi helikopter qəfil idarəetməni itirərək təpəyə çırpılıb. Faciə enişdən bir neçə dəqiqə əvvəl baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təyyarədən “demək olar ki, heç nə qalmayıb”.
Hadisə şahidləri bildiriblər ki, qəzadan əvvəl helikopter hərbi təyyarələrin dronuna bənzər çox yüksək və qeyri-adi səs çıxarıb. Qəzanın ilkin səbəbinin mexaniki nasazlıq olduğu bildirilir. Helikopteri daha əvvəl Yunanıstan Hərbi Hava Qüvvələrində xidmət etmiş təcrübəli pilotun idarə etdiyi vurğulanır. Faciə müşahidə kameralarına düşüb.
Jurnalistlərin müəyyən etdiyi kimi, ölən sərnişin Amerikanın “Blackstone” investisiya şirkətinin gənc vitse-prezidenti Alexander Cromie olub. Şirkət işçisinin ölümündən sarsıldığını bildirib və ailəsinə başsağlığı verib.
Bundan əvvəl Texasda helikopterin qəzaya uğraması nəticəsində iki amerikalı əsgərin öldüyü bildirilmişdi.





























