ABŞ-da jalapeno bibərinin səbəb olduğu düşünülən salmonella epidemiyası 27 ştata yayılıb.
Avropa.info xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC), jalapeno bibərinin səbəb olduğu düşünülən salmonella epidemiyasının 27 ştata yayıldığını bildirdi.
NBC News-un məlumatına görə, CDC-dən verilən açıqlamada, federal səlahiyyətlilərin 27 ştatda 345 nəfərin xəstələnməsinə səbəb olan salmonella epidemiyasını araşdırdığı bildirilib.
Açıqlamada jalapeno bibərinin Kaliforniyada yerləşən Coast Citrus distribütor şirkəti tərəfindən Meksikadan tədarük edildiyi və bu bibərlərin Chipotle, Qdoba və digər restoranlarda təqdim edildiyi bildirilib.
Açıqlamada 36 nəfərin salmonella səbəbiylə xəstəxanaya yerləşdirildiyi və ölüm faktının qeydə alınmadığı qeyd edilib.
Bildirilib ki, halların əksəriyyəti hər birində 110 nəfər olmaqla Minnesota və Koloradoda, İllinoysda 30, Kanzasda isə 13 hadisə aşkarlanıb.
Həmçinin xəstəliyin müşahidə olunduğu digər ştatların Alabama, Arkanzas, Kaliforniya, Corciya, İndiana, Kentukki, Luiziana, Miçiqan, Missuri, Montana, Nebraska, Şimali Karolina, Şimali Dakota, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennessi, Texas, Yuta, Virciniya, Vaşinqton, Viskonsin və Vayominq olduğu bildirilib.
Digər tərəfdən Chipotle restoran şəbəkəsi ehtiyat tədbiri olaraq menyusundan jalapeno bibərinin çıxarıldığını açıqlayıb. Qdoba həmçinin bütün restoranlarından jalapeno bibərini aktiv şəkildə yığışdırdığını açıqladı.






























