Siyasət

Kəlbəcər Azərbaycanın yeni inkişaf modelinin mühüm mərkəzlərindən birinə çevrilir

25 Noyabr 2026, 19:49396
Reklam728x90
Reklam320x100

25 noyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunmuş şərəfli tarixlərdən biridir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Avropa.info-ya açıqlamasında bildirib ki, Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın döyüş meydanında qazandığı tarixi Zəfərin siyasi müstəvidə təsdiqi, milli iradənin və tarixi ədalətin təntənəsidir.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcərin ən müasir standartlara uyğun şəkildə yenidən qurulacağını bəyan etdi. Bu, dövlətimizin qətiyyətli siyasi iradəsinin, azad edilmiş torpaqlarda yeni həyatın qurulmasına yönəlmiş strategiyanın təzahürü idi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərin əbədiləşdirilməsi istiqamətində mühüm addımdır. Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən edilib. Bu tarix 30 illik işğalın ağrı-acısını, 44 günlük Vətən müharibəsinin Zəfərini və postmünaqişə dövründə başlanan genişmiqyaslı quruculuq prosesini özündə birləşdirir. Tarixi yaddaşın qorunması, baş verən hadisələrin gələcək nəsillərə çatdırılması milli kimliyimizin və dövlətçilik düşüncəmizin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat bildirib ki, Kəlbəcərin 1993-cü il aprelin 2-də işğal altına düşməsi o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyinin, daxili çəkişmələrinin və məsuliyyətsiz idarəçilik qərarlarının ağır nəticələrindən biri idi. İşğala qədər 3054 kvadratkilometr ərazisi olan rayonda 53 min 478 nəfər əhali yaşayırdı. Kəlbəcərin inzibati ərazisində 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

İşğal zamanı 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və ya itkin düşüb. Kəlbəcər sakinləri Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. İşğal nəticəsində tarixi-mədəniyyət abidələri, inzibati binalar, yaşayış evləri və texnika talan edilərək dağıdılıb, rayonun zəngin sərvətləri qanunsuz şəkildə Ermənistana daşınıb. Vandalizm aktları həm işğal dövründə, həm də 2020-ci ildə erməni silahlı qüvvələrinin ərazini tərk etməsi zamanı davam etdirilib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin rayona çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin, tunellərin və enerji stansiyalarının təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib. Bu səfərlər Kəlbəcərin sürətli dirçəlişinə, sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsinə mühüm töhfə verib.

Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Şəhərin əvvəlki Baş planında 130 hektar ərazi və 7500 nəfər əhali nəzərdə tutulduğu halda, yeni konsepsiyaya əsasən bu göstəricilər 290 hektara və 17 min nəfərə çatdırılacaq. Şəhərin mərkəzində orta mərtəbəli çoxmənzilli və inzibati binalar, ətraf ərazilərdə isə fərdi yaşayış evləri inşa ediləcək. 2040-cı ilədək 4250 mənzilin tikilməsi planlaşdırılır.

Baş plana uyğun olaraq, Kəlbəcərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları yaradılacaq. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Adambaşına düşən yaşıllıq sahəsinin 33 kvadratmetr təşkil etməsi Kəlbəcərin ekoloji tarazlığın qorunmasına və sakinlərin komfortlu yaşayış mühitinə xüsusi önəm verən şəhər kimi planlaşdırıldığını göstərir.

Deputat bildirib ki, Kəlbəcərdə müasir yol-nəqliyyat infrastrukturu qurulmaqla yanaşı, zəngin enerji potensialından səmərəli istifadə istiqamətində də mühüm işlər görülür. Rayonun su ehtiyatları hidroenergetika sahəsinin inkişafı üçün geniş imkanlar yaradır. Meydan çayı üzərində 3,4 meqavat gücündə kiçik su elektrik stansiyası yenidən qurulub. Tərtər çayı üzərində 8,33 meqavatlıq “Çıraq-1” və 5,3 meqavatlıq “Soyuqbulaq”, Qaraarxac çayı üzərində isə 3,6 meqavatlıq “Çıraq-2” kiçik su elektrik stansiyaları əsaslı şəkildə bərpa edilib. Bundan başqa, 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları inşa olunub. Bu layihələr rayonun enerji təminatının gücləndirilməsi, yerli resurslardan səmərəli istifadə və dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, 2025-ci il avqustun 21-də Kəlbəcər şəhəri öz doğma sakinlərinə qovuşub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün rayonda bir sıra sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib, birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, doğma torpaqlarına qayıdan sakinlərlə görüşüblər.

Dövlət başçısının sakinlərlə görüşdə səsləndirdiyi fikirlər Kəlbəcərin dirçəlişinin mənəvi və siyasi mahiyyətini ifadə edir. 32 ildən sonra doğma şəhərə qayıdış tarixi ədalətin bərpası, xalqımızın iradəsinin və dövlətimizin gücünün təcəssümüdür. Kəlbəcərin müasir, gözəl və yaşayış üçün əlverişli şəhərə çevrilməsi istiqamətində həyata keçirilən layihələr bu torpaqların gələcəyinə olan inamı daha da artırır.

Böyük Qayıdış proqramının birinci mərhələsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur. Bu komplekslərdə 10 mindən çox sakinin daimi məskunlaşması planlaşdırılır. Beləliklə, yaşayış fondunun genişləndirilməsi, sosial xidmətlərin yaradılması və infrastrukturun inkişafı şəhərin gələcək demoqrafik və iqtisadi potensialının formalaşmasına xidmət edəcək.

Millət vəkili Kəlbəcərin zəngin təbii sərvətlərinin, xüsusilə “İstisu” mineral su mənbələrinin rayonun iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. Dəniz səviyyəsindən 1600 metrdən yüksək ərazidə yerləşən termal su yataqlarından qaynaqlanan, təbii temperaturu 60 dərəcədən artıq olan “İstisu” mineral suyu Azərbaycanın nadir təbii sərvətlərindən biridir.

Prezident İlham Əliyevin 2022-ci il iyunun 26-da təməlini qoyduğu “İstisu” mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşədən artıq olan müəssisədə ikinövbəli iş rejimində 100-ə yaxın insan çalışır. İşçilərin böyük əksəriyyətinin Kəlbəcər və Laçın rayonlarının sakinləri olması müəssisənin yerli məşğulluğa verdiyi töhfəni göstərir.

Vüqar Rəhimzadə bildirib ki, Kəlbəcərdə həyata keçirilən quruculuq işləri, yeni yolların çəkilməsi, müasir yaşayış binalarının inşası və sakinlərin doğma yurdlarına qayıdışı Azərbaycanın azad edilmiş ərazilərdə həyatın bərpası strategiyasının uğurla reallaşdığını nümayiş etdirir. Hər daşı, qayası tarix olan Kəlbəcər öz təbii gözəllikləri, zəngin resursları və yeni infrastrukturu ilə Azərbaycanın gələcək inkişafında mühüm yer tutacaq.

Qeyd edək ki, 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə, ümumilikdə 681 nəfər daimi məskunlaşıb. Böyük Qayıdışın davam etməsi, quruculuq layihələrinin genişlənməsi və yeni iqtisadi imkanların yaradılması Kəlbəcərin gələcəkdə Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevriləcəyinə əsas verir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600