Siyasət

Kəlbəcər Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayacaq

25 Noyabr 2026, 19:43132
Reklam728x90
Reklam320x100

Bu gün 25 noyabr – Kəlbəcər Şəhəri Günü qeyd olunur.

Milli Məclisin deputatı Aydın Hüseynov Avropa.info-ya açıqlamasında bildirib ki, Kəlbəcər Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynamaq potensialına malik strateji bölgələrdən biridir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu tarixi günün əhəmiyyətini daha da artırır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadan azad edilib.

Aydın Hüseynovun sözlərinə görə, 27 illik işğal dövründə Kəlbəcərin infrastrukturu dağıdılıb, zəngin təbii sərvətləri qanunsuz istismar olunub, rayonun iqtisadiyyatına və infrastrukturuna ciddi ziyan vurulub. Zəfərdən sonra isə bölgədə genişmiqyaslı bərpa, quruculuq və inkişaf işlərinə başlanılıb.

Hazırda Kəlbəcərdə Toğanalı–Kəlbəcər avtomobil yolu, Murovdağ tuneli, su-elektrik stansiyaları, “İstisu” sanatoriyası və müasir yaşayış komplekslərinin inşası həyata keçirilir. Bu layihələr rayonun nəqliyyat əlçatanlığının, enerji potensialının, turizm imkanlarının və sosial infrastrukturunun inkişafına xidmət edir.

Deputat vurğulayıb ki, Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərinə artıq 162 ailə, ümumilikdə 681 nəfər köçürülüb. Bu, bölgədə həyatın bərpası, sosial mühitin formalaşması və iqtisadi fəallığın artırılması baxımından mühüm mərhələdir.

Kəlbəcər zəngin təbii resursları ilə də seçilir. Mərmər oniksi və nefroid kimi faydalı qazıntı yataqları mədən sənayesinin və tikinti materialları istehsalının inkişafı üçün geniş imkanlar yaradır. Eyni zamanda, rayonun geniş yaylaq və otlaq sahələri heyvandarlığın, arıçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına əlverişli şərait yaradır. Xüsusilə heyvandarlıq Kəlbəcərin iqtisadi ixtisaslaşmasında mühüm istiqamətlərdən biri hesab olunur.

İqtisadi göstəricilər də rayonda inkişaf dinamikasının formalaşdığını nümayiş etdirir. 2026-cı ilin yanvar-oktyabr aylarında Kəlbəcər rayonunda 12 milyon 31,3 min manatlıq sənaye məhsulu istehsal olunub. Kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 61 milyon 649 min manat təşkil edib ki, bunun da 61 milyon 602,3 min manatı heyvandarlığın payına düşüb.

2026-cı ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafına əsas kapitaldan 487 milyon 111 min manat vəsait yönəldilib. Oktyabrın 1-nə olan məlumata görə, rayonda muzdla çalışan işçilərin sayı 5,5 min nəfərə çatıb, orta aylıq nominal əməkhaqqı 754,3 manat olub. İlin ilk doqquz ayında 148 yeni iş yeri yaradılıb.

Aydın Hüseynov bildirib ki, bu rəqəmlər Kəlbəcərdə iqtisadi fəallığın artdığını, investisiya qoyuluşlarının genişləndiyini və yeni məşğulluq imkanlarının formalaşdığını göstərir. Rayonun inkişafı üçün sənaye, kənd təsərrüfatı, energetika, mədənçilik və xidmət sahələrinin paralel şəkildə genişləndirilməsi vacibdir.

Deputat Kəlbəcərin turizm potensialına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, “İstisu” mineral suları, füsunkar dağ mənzərələri, zəngin təbiəti, tarixi və dini irsi rayonun müalicəvi, dağ, qış və yay turizmi istiqamətlərində inkişafı üçün geniş imkanlar yaradır. Turizm infrastrukturunun qurulması mehmanxana, iaşə, nəqliyyat və xidmət sahələrində yeni biznes imkanları açmaqla yanaşı, məşğulluğun artmasına və yerli iqtisadiyyata əlavə gəlirlərin daxil olmasına təkan verəcək.

Aydın Hüseynov qeyd edib ki, Kəlbəcər bu gün yalnız işğaldan azad edilmiş ərazi deyil, həm də Azərbaycanın iqtisadi gələcəyində mühüm yer tutacaq strateji bölgədir. Burada həyata keçirilən quruculuq işləri qədim yurdun dirçəlişinə, sakinlərin doğma torpaqlarına qayıdışına və Kəlbəcərin ölkənin iqtisadi xəritəsində daha güclü mövqe qazanmasına xidmət edir.

25 noyabr Kəlbəcərin azadlığının, dirçəlişinin və gələcəyə inamla addımlamasının rəmzi olaraq qeyd olunur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600