Sosial

Vüqar Dadaşov:”​Xəstəni ziyarət etmək üçün hər girişə görə 11 manat rəsmi ödəniş tələb olunur”

11 Noyabr 2026, 13:27251
Reklam728x90
Reklam320x100

TƏBİB yarandığı gündən Azərbaycan səhiyyəsi üçün əlavə idarəetmə probleminə çevrilməklə yanaşı, Səhiyyə Nazirliyinin funksiyalarını paralel şəkildə mənimsəyərək dövlət səhiyyəsində ikili idarəetmə və səlahiyyət bölgüsü problemi yaratmışdı. Nəhayət, cənab Prezidentin imzaladığı fərmanla TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə keçdi. Ancaq əsas problem dövlət səhiyyəsinin kommersiyalaşdırılması və tibbi xidmətin gəlir mənbəyinə çevrilməsidir.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi, dövlət xəstəxanalarındakı rəsmi və qeyri-rəsmi yığımlar, eləcə də icbari tibbi sığorta sistemindəki boşluqlardan danışarlkən bildirib.

Xəstə ziyarəti üçün 11 manat tələbi hansı hüquqi akta əsaslanır?

Başqan müavini şəxsi təcrübəsi əsasında Respublika Klinik Xəstəxanasındakı vəziyyətə və qanunsuz ödəniş mexanizmlərinə diqqət çəkib:

“Çox yaxın bir adamım rayonlardan göndəriş əsasında Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Müalicə həkiminin diqqəti və peşəkarlığı təqdirəlayiq olsa da, xəstəxanadakı ümumi mənzərə tamamilə fərqlidir. Xəstəni ziyarət etmək üçün hər girişə görə 11 manat rəsmi ödəniş tələb olunur. İcbari tibbi sığorta ilə əməliyyat olunan xəstənin yaxınlarının onu görməsi ödənişlidir, özü də heç bir gigiyenik qayda və yuxu rejimi gözlənilmədən. Burada konkret hüquqi suallar meydana çıxır: xəstəni ziyarət etmək üçün tələb olunan 11 manat hansı normativ hüquqi aktla müəyyən edilib və vətəndaşın yaxınını görməsi hansı əsasla kommersiya xidmətinə çevrilir?”

Sığorta ilə müalicə olunan xəstə niyə dərmanları öz vəsaiti hesabına almalıdır?

Hüquqşünas tibb müəssisələrində dərman təminatı və tibb heyətinin münasibəti ilə bağlı ciddi çatışmazlıqları vurğulayıb:

“Bir həftə ərzində xəstənin bütün dərmanlarını və digər ehtiyaclarını öz vəsaitimiz hesabına qarşıladıq. TƏBİB-in fürsətçi idarəetmə fəlsəfəsinin mahiyyəti də elə budur: dövlət xəstəxanasında xəstənin müalicəsindən tutmuş yaxınlarının ziyarətinə qədər hər şeyin pul yığımına çevrilməsi. Sığorta ilə aparılan müalicə və əməliyyata görə vətəndaş dərman və tibbi ləvazimatları özü ödəməlidirmi? Məgər bunlar sığortaya daxil deyil? Hətta tibb bacısının belə xəstəyə münasibəti yaxınlarının onun kartına pul köçürməsi ilə bağlıdır”.

Xəstəxana ərazisindəki nəzarətçilərin əməkhaqqıları hansı yığımlar hesabına ödənilir?

MCP rəsmisi xəstəxanalardakı kadr ştatı və maliyyə şəffaflığı ilə bağlı suallarını səsləndirərək fikirlərini yekunlaşdırıb:

“Xəstəxananın ərazisindəki çoxsaylı parklanma nəzarətçiləri və mühafizəçilərin fəaliyyəti də ayrıca araşdırılmalıdır. Əksəriyyəti heç bir tanıma nişanı və xüsusi geyim formasında deyil. Onların əməkhaqqı dövlət büdcəsindənmi, yoxsa xəstəxanadakı müxtəlif ödəniş və yığımlardanmı ödənilir? Görünən odur ki, TƏBİB-in qurduğu sistem göstərdiyi hər bir xidmətə görə həm dövlət büdcəsini, həm də xəstəni talayır. Çox güman ki, indi də TƏBİB Səhiyyə Nazirliyinə yox, nazirlik TƏBİB-in fürsətçi kommersiya düşüncəsinə uyğunlaşdırılır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600