Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Teknofest” çərçivəsində çıxış edərək, onu sərt ifadələrlə hədəf alan İsrailin baş naziri Benyamin Netanyahuya cavab verib.
Avropa.info Ərdoğan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Netanyahunun İstanbuldakı Silvan kitabəsini almaq istədiyini, lakin Ərdoğanın buna mane olduğunu deməsinə münasibət bildirib.
“Geçən gün bir nəfər çıxıb Silvan kitabəsini vermədiyimiz üçün bizə nifrət püskürür. İlk qibləmiz Qüds barədə həddi aşan ifadələr işlədərək özlüyündə nəsə etməyə çalışır. Qüds müsəlmanlarla yanaşı bütün bəşəriyyətin şərəfidir, izzətidir. Bir də utanmadan kitabenin dalınca düşür. Sizə kitabəni deyil, Qüdsə aid tək bir daş parçasını belə verməyəcəyik. Biz sultan Əbdülhəmidlərin nəvələriyik, eyni yolla gedirik. Qüdsdən əlimizi çəkməyəcəyik”, – deyə o vurğulayıb.
Ərdoğan çıxışında həmçinin Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlardan da danışıb.
“Artıq dünyanın qəbul etdiyi həqiqəti buradan ifadə etmək istəyirəm. Bütün dünyada Türkiyə müdafiə sənayesinin atdığı addımlar müzakirə olunur. Texnologiya və müdafiə sənayesində fərqli bir inkişaf tempinə sahibik. Ambargolara rəğmən əldə etdiyimiz nailiyyətlər təsadüfi deyil. Türkiyənin gəldiyi nöqtə bizə altın tepsidə təqdim edilmədi, dişimizlə-dırnağımızla buralara gəldik”, – Ərdoğan bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə artıq quruda, havada və dənizdə öz istehsalı olan məhsul və sistemlərlə yeni uğur hekayələri yazır:
“İHA və SİHA texnologiyasında dünyada ilk üçlükdəyik. Öz hərbi gəmisini dənizə buraxa bilən 10 ölkədən biriyik. 27 avqustda 47 vasitədən ibarət “Polad qübbə”ni inventara daxil etməklə tarixi bir mərhələni daha geridə qoyduq. Başlanğıc dastanımızı yazmağa yeni başlamışıq. Qarşıdakı dövrdə yeni müjdələrimiz olacaq”.