Sloveniya Prezidenti Nataşa Pirts Musar parlamentin Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin onun Rusiya kəşfiyyat ilə mümkün əlaqələri barədə təcili hesabat tələb etməsindən sonra yayılan iddiaları təkzib edib.
Avrop.info xəbər verir ki, bu barədə TVP məlumat yayıb.
Parlament komitəsi Sloveniya Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin (SOVA) nümayəndələri ilə gələn həftə görüş keçirilməsini və Pirts Musarla Rusiya kəşfiyyatı arasında mümkün əlaqələr barədə hesabat təqdim olunmasını istəyib.
Bundan sonra hakim Sloveniya Demokratik Partiyasının (SDS) deputatı Yan Maxniç hökuməti müstəqil namizəd kimi seçilmiş prezidentə kəşfiyyat və təhlükəsizlik məlumatlarının təqdim edilməsini dayandırmağa çağırıb.
Pirts Musarın administrasiyasının bəyanatında isə deyilir: “Prezidentin Rusiya kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyini qəti şəkildə təkzib edirik”.
Araşdırmaya Pirts Musarın uzun illərdir tanıdığı Viktoriya Krivolutskaya adlı, rusəsilli Sloveniya vətəndaşı ilə bağlı yayılan məlumatlar səbəb olub.
İyulun sonunda Pirts Musar yol-nəqliyyat hadisəsi nəticəsində körpücük sümüyü sınığı ilə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt Krivolutskaya da prezidentin xidməti avtomobilində olub.
Yerli KİV-lər bu həftənin əvvəlində həmçinin Krivolutskayanın 1990-cı illərin ortalarında Rusiyaya qaçmış Sloveniya kəşfiyyatının keçmiş əməkdaşı Roman Yeqliçlə yaxın münasibətlərinin olduğunu yazıb. Krivolutskaya daha sonra Yeqliçlə romantik münasibətinin olduğunu və bir neçə il onunla Rusiyada yaşadığını təsdiqləyib. Amma ayrıldıqdan sonra onunla 15 ildən artıq müddətdə əlaqə saxlamadığını bildirib.






























