Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev sosial şəbəkə hesabında dövlət qulluğu imtahanından keçən gənclərin müsahibə mərhələsində qarşılaşdıqları çətinliklər və işsizlik problemi ilə bağlı diqqətçəkən paylaşım edib.
Avropa.info xəbər verir ki, parlamentə təsadüfən rastlaşdığı bir gəncin timsalında dövlət qulluğuna qəbul sistemindəki mövcud boşluqları və subyektiv yanaşmaları kəskin tənqid edib.
Deputat bildirib ki, imtahandan keçmiş gənclərin şifahi müsahibə mərhələsində kəsilmək qorxusu onları ümidsizliyə sövq edir:
“Kofe içdiyim zaman bir ata və oğlu mənə yaxınlaşdı. Ata oğlunun işlə bağlı vəziyyətindən danışaraq kömək istədi. Yüksəl Mirzəbəyli İnşaat Universitetinin Tikinti iqtisadiyyatı və menecmenti fakültəsini bitirib. Dedim ki, dövlət qulluğunda işləmək üçün ilk növbədə dövlət qulluğu imtahanından keçmək lazımdır. Ata ilə oğulun cavabı isə dövlət qulluğu imtahanı verib işsiz qalanların cavabları ilə eyni oldu: “Ay müəllim, bunun nə mənası var? Onsuz da müsahibə mərhələsində kəsəcəklər. Beş il çalışacağam, hər dəfə kəsəcəklər, beş ildən sonra da yenidən imtahan verməli olacağam. Ondansa, nə iş olur-olsun, işləməyə hazıram”.”
Gənclərin bu narahatlığını tamamilə haqlı sayan MCP başqanı, şifahi müsahibələrdə subyektivliyin üstünlük təşkil etdiyini vurğulayıb:
“Əslində, onların narahatlığı tam doğrudur. Çünki dövlət qulluğu imtahanından keçən gənc müəyyən mənada özünü sübut edir. Amma bundan sonra şifahi müsahibədə subyektiv yanaşmadan asılı vəziyyətə düşür. Mən bu məsələni parlamentdə də qaldırmışam və yenidən danışacağam.”

Məsələnin həlli üçün konkret təklif irəli sürən Razi Nurullayev, imtahanı uğurla başa vuran şəxslərin real işlə təmin olunmasının vacibliyini qeyd edib:
“Təklifim çox sadədir: dövlət qulluğu imtahanından keçən şəxs ən azı növbəti 4-5 ay ərzində uyğun dövlət qulluğu vəzifəsi ilə təmin olunmalıdır. Çünki şifahi müsahibə mərhələsi subyektivliyin ən çox ortaya çıxa biləcəyi mərhələdir. Əgər insan imtahandan keçibsə, onun qarşısına hər dəfə yeni və qeyri-müəyyən bir maneə qoymaq düzgün deyil. Bu məsələni daha da təxirə salmaq olmaz. Gənclər illərlə imtahan verib, sonra iş tapa bilməmək ümidsizliyinə sürüklənməməlidirlər. İmtahandan keçən şəxs dövlət qulluğunda işləmək imkanını real şəkildə əldə etməlidir. Dövlət qulluğu imtahanı sadəcə sertifikat almaq üçün deyil, dövlətə xidmətə başlamaq üçün yol olmalıdır.”






























