Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin təsisçisi və sədri, “İlkxeber.org” informasiya portalının qurucu-baş redaktoru Xanoğlan Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib.
Avropa.info xəbər verir ki, Komitə sədrinin ünvanladığı təbrik məktubunda Xanoğlan Əhmədovun uzun illər ictimai fəaliyyətə və media sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Məktubda qeyd olunub ki, onun müxtəlif məsul vəzifələrdə qazandığı idarəçilik təcrübəsi və mətbuat sahəsindəki səmərəli fəaliyyəti onu media ictimaiyyətinin tanınmış nümayəndələrindən birinə çevirib.
Fazil Mustafa bildirib ki, Xanoğlan Əhmədovun rəhbərlik etdiyi “Media və Mülki Cəmiyyət” İctimai Birliyi ictimai faydalı təşəbbüslərin dəstəklənməsi, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının möhkəmləndirilməsi, eləcə də maarifləndirici layihə və ictimai müzakirələrin təşkili istiqamətində mühüm fəaliyyət göstərib.
Məktubda həmçinin vurğulanıb ki, Xanoğlan Əhmədov “İlkxeber.org” informasiya portalının qurucu-baş redaktoru və müxtəlif media qurumlarında rəhbər vəzifələrdə çalışmış peşəkar jurnalist kimi obyektiv mövqeyi və gənc jurnalistlərin yetişməsinə göstərdiyi dəstəklə seçilir.
Komitə sədri Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalı ilə təltif olunmasını da Xanoğlan Əhmədovun uzunillik səmərəli fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Sonda Fazil Mustafa Xanoğlan Əhmədovu yubileyi münasibətilə bir daha təbrik edərək ona möhkəm cansağlığı, işlərində yeni uğurlar və Azərbaycan mediasının, eləcə də vətəndaş cəmiyyətinin inkişafına bundan sonra da mühüm töhfələr verməsini arzulayıb.






























