Kolumbiya prezidenti Abelardo de la Espriella ölkədə avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələdən 450 mindən çox insanın birbaşa zərər çəkdiyini bildirib.
Avropa.info xəbər verir ki, De la Espriella xalqa müraciətində ölkənin rəsmi olaraq yeni “yenidənqurma” dövrünə qədəm qoyduğunu bildirərək, axtarış-xilasetmə və itkin düşmüş şəxslərin axtarışlarının lazım olduğu müddətdə davam etdiriləcəyini açıqlayıb.
De la Espriella qeyd edib ki, son balans hesabatına görə, 16 ştatın 497 bələdiyyəsində 213 min 400 ailədən cəmi 452 min 782 kolumbiyalı təbii fəlakətdən birbaşa zərər çəkib.
Fəlakətdə indiyədək 331 nəfərin öldüyünü açıqlayan De la Espriella 4 min 497 nəfərin yaralandığını, 152 nəfərin isə hələ də itkin düşdüyünü bildirib.
De la Espriella zəlzələnin vurduğu zərərin miqyasının infrastruktur məlumatları ilə də açıqlandığını, 35 min 987 evin tamamilə dağıldığını, 198 min 601 evin isə ağır və ya orta dərəcədə zərər gördüyünü bildirib.
Ölkə mətbuatının məlumatına görə, zəlzələ zamanı 4261 məktəb və təhsil ocağı, 404 xəstəxana və sağlamlıq ocağı, 121 içməli su və paylayıcı şəbəkə, 89 avtomobil körpüsü və 482 magistral yol və əlaqə nöqtələri zədələnib və ya yararsız hala düşüb.
Tolimada meşə yanğınları
Prezident De La Espriella xalqa müraciətində Tolima əyalətində davam edən ekoloji fövqəladə vəziyyətə də diqqət çəkərək, əyalətdəki yanğınlarda 50 min hektardan çox ərazinin yanaraq külə döndüyünü və bunun təxminən 28 min hektarının birbaşa əkinçilik və heyvandarlıq sahələri olduğunu söylədi.
Alovların əyalətdəki bir çox bələdiyyələrdə istehsalçıları və heyvandarlığı ciddi şəkildə təsir etdiyini bildirən De La Espriella, yanğınların əksəriyyətinin “cinayətkar əllər” tərəfindən qəsdən törədildiyinə dair ciddi işarələrin olduğunu və məhkəmə prosesini izləyəcəklərini ifadə etdi.






























