Belçikada artan istilər səbəbindən ölkənin əksər hissəsində narıncı xəbərdarlıq edilib.
Avropa.info xəbər verir ki, Belçika Kral Meteorologiya İnstitutu (RMI) bazar ertəsi ölkə ərazisində havanın günəşli və çox isti olacağını açıqlayıb.
Açıqlamada, havanın temperaturunun daxili bölgələrdə 37 dərəcəyə qədər yüksələcəyi, günorta saatlarında ölkənin cənubunda buludlu olacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, ölkənin sahilyanı bölgələrində dənizin təsiri ilə temperaturun 30 dərəcədən aşağı qalacağı gözlənilir.
Açıqlamada Belçikanın əksər bölgələrində narıncı temperatur xəbərdarlığının verildiyi, Qərbi Flandriya və Şərqi Flandriya bölgələrində isə bir səviyyə aşağı olan sarı xəbərdarlığın tətbiq ediləcəyi qeyd edilib.
Açıqlamada hava istiliyinin çərşənbə axşamı 31 dərəcə, çərşənbə günü isə 28 dərəcə ətrafında olacağı gözlənildiyi, sahilyanı ərazilər istisna olmaqla, ölkə daxilində sarı temperatur xəbərdarlığının davam edəcəyi bildirilib.
Bu arada, Belçikada narıncı istilik xəbərdarlığı yüksək risk yaradan həddindən artıq isti hava şəraitini göstərir. Bu səviyyədə vətəndaşlar tədbir görməli və yerli hökumətlər hazır olmalıdır. Bu xəbərdarlıqda günün ən isti saatlarında çölə çıxmamaq, bol su içmək, ağır fiziki işlərdən uzaq durmaq tövsiyə olunur.






























