Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya dəyişiklikləri ilə bağlı referendum təşəbbüsü və uğursuzluq halında istefa verəcəyi barədə açıqlaması təkcə Bakı və Ankara ilə münasibətlər kontekstində deyil, bütövlükdə regionun geosiyasi gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu proses Ermənistanın xarici güclərin təsir vasitəsi olmaqdan çıxaraq müstəqil subyektə çevrilməsi ilə əvvəlki qarşıdurma modelinin davamı arasında ciddi sınaqdır.
Bunu Avropa.info-ya Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov Ermənistanda gözlənilən konstitusiya referendumunu və onun regional nəticələrini şərh edərkən bildirib.
Sülh müqaviləsi və qonşulara qarşı iddialardan imtina
Politoloq qeyd edib ki, konstitusiyadan 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın, eləcə də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının siyasi-hüquqi əsaslarının çıxarılması regional normallaşmanın əsas şərtidir:
“Belə transformasiya ilk növbədə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan siyasi-hüquqi əngəlləri aradan qaldırar. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanla iqtisadi-tranzit əlaqələrinin qurulması avtomatik olaraq Türkiyə–Ermənistan sərhədinin açılması demək deyil. Ankara ilə tam normallaşma üçün İrəvan qondarma ‘erməni soyqırımı’ iddialarından da imtina etməli və digər tarixi-siyasi ziddiyyətləri həll etməlidir”.
Parlamentdə üçdə iki səs baryeri və istefa ssenarisi
MCP rəsmisi Paşinyanın referendumun uğursuz olacağı təqdirdə istefa verəcəyi ilə bağlı bəyanatının hüquqi və siyasi tərəflərinə də aydınlıq gətirib:
“Əvvəla, referendumun nəticəsi ilə baş nazirin hakimiyyətdən getməsi arasında birbaşa hüquqi bağlılıq yoxdur. Üstəlik, hakim ‘Mülki müqavilə’ Partiyasının parlament çoxluğu referendum təyin etmək üçün tələb olunan üçdə iki səsi təmin etmir, bunun üçün müxalifətin də dəstəyi lazımdır. Referendumun parlamentdə bloklanması ilə xalq tərəfindən rədd edilməsi fərqli hüquqi nəticələr doğurur. Digər tərəfdən, Paşinyan istefa versə belə, onun partiyasının avtomatik hakimiyyətdən kənarlaşması gözlənilmir – komandası yenidən seçkilərdə mübarizə apara bilər. Lakin prosesin uğursuzluğu revanşist və rusiyönümlü qüvvələrin fəallaşması üçün risk yaradır”.
Moskvanın regional təzyiq rıçaqları və Gürcüstan faktoru
Başqan müavini vurğulayıb ki, Rusiya Ermənistan üzərindəki təsir imkanlarının azalması ilə asanlıqla barışmayacaq:
“Moskva Paşinyanın konstitusiya dəyişikliyi vasitəsilə hakimiyyətdən gedəcəyinə tam əmin deyil və buna görə də Gürcüstan vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışır. Ermənistanın Rusiya asılılığından çıxması üçün təkcə konstitusiya dəyişikliyi kifayət deyil – təhlükəsizlik, enerji, nəqliyyat və xarici siyasət prioritetləri də yenilənməlidir. Moskva isə mövqelərini qorumaq üçün İrəvana qarşı siyasi, iqtisadi və hətta hərbi təzyiq variantlarına əl ata bilər. Nəticə etibarilə, bu referendum həm Paşinyanın siyasi taleyi, həm də Ermənistan dövlətçiliyi üçün həlledici seçim olacaq”.




