Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması və münaqişənin dondurulması istiqamətində ABŞ, Rusiya və Avropa İttifaqı arasında yeni danışıqlar mərhələsi gözlənilir. Lakin Moskvanın irəli sürdüyü sərt tələblər göstərir ki, Rusiya təkcə Ukrayna ilə bağlı deyil, ümumilikdə Şərqi Avropada yeni geosiyasi reallıq yaratmağa çalışır.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə ABŞ-Rusiya-Avropa xəttində gözlənilən yeni danışıqlar prosesini və tərəflərin hərbi-diplomatik manevrlərini şərh edərkən bildirib.
Moskvanın Şərqi Avropa və NATO ilə bağlı sərt şərtləri
Ekspert Avropa İttifaqının E-5 formatında təmsil olunacağını, Finlandiya prezidenti Aleksandr Stubbın vasitəçilik missiyasını üzərinə götürdüyünü qeyd edərək Əbu-Dabi danışıqlarında Rusiyanın irəli sürdüyü şərtlərə diqqət çəkib:
“Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya tərəfinin irəli sürdüyü şərtlər kifayət qədər sərt və geniş geosiyasi tələbləri əhatə edir. Bu tələblər sırasında Finlandiyanın NATO-dan çıxması, Baltikyanı ölkələrdə Alyansın hərbi qüvvələrinin yerləşdirilməsinə son qoyulması, NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsi və Ukraynanın üzvlükdən imtina etməsi yer alır. Həmçinin Moldova Aİ-yə üzv olacağı təqdirdə Dnestryanı və Qaqauziyada referendum məsələsi gündəmə gətirilib. Bunun müqabilində Rusiya Dnestryanıdan qoşunlarını, Belarusdan isə taktiki nüvə silahlarını çıxarmağa hazır olduğunu bildirir. Göründüyü kimi, Moskva bütövlükdə Şərqi Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirməyə yönəlmiş tələblər irəli sürür”.
Krım körpüsünə zərbələr və Vaşinqtonun mövqeyinə yenidən baxması
MCP rəsmisi döyüş meydanındakı son zərbələrin və ABŞ-nin dəstəyinin danışıqlar masasına birbaşa təsir etdiyini vurğulayıb:
“Tramp administrasiyası Putinə müəyyən siyasi güzəştlər nümayiş etdirdikcə, Rusiya tərəfinin daha geniş tələblərlə çıxış etməsi Vaşinqtonun yanaşmasına yenidən baxmasına səbəb olub. Ukraynanın Rusiyanın strateji hədəflərinə zərbələri intensivləşdirməsi və Krım körpüsünün hədəfə alınması məhz bu prosesin tərkib hissəsidir. Hazırda əsas müzakirə mövzularından biri Donbas məsələsidir. ABŞ-ın mümkün yanaşmalarından biri ərazi güzəşti müqabilində Ukraynanın təhlükəsizlik təminatlarının, o cümlədən NATO üzvlüyünün gündəmə gətirilməsidir. Zelenski administrasiyası ərazi güzəştlərinin yalnız referendum yolu ilə mümkünlüyünü qeyd edir. Əgər Rusiya Ukraynanın NATO üzvlüyü şərtini qəbul etsə, atəşkəs əldə edilə bilər”.
Avropanın mövqeyi və uzunmüddətli sülh perspektivi
Başqan müavini Avropa İttifaqının ərazi güzəştlərinə qarşı çıxdığını bildirərək prosesin gələcək inkişafını dəyərləndirib:
“Avropa İttifaqı ərazi məsələsində Rusiyanın tələbləri ilə razılaşmaq niyyətində deyil. Avropa üçün əsas prioritet Ukraynanın suverenliyinin qorunması və Şərqi Avropanın təhlükəsizlik sisteminin Rusiyanın diktəsi ilə formalaşmasının qarşısını almaqdır. Hazırkı mərhələdə tərəflər həm diplomatik, həm də hərbi müstəvidə güc nümayiş etdirirlər. ABŞ-ın dəstəyini artırması və strateji obyektlərə zərbələr Moskvanı daha real mövqe tutmağa məcbur etmək məqsədi daşıyır. Atəşkəs və münaqişənin dondurulması istiqamətində ilkin razılaşmalar mümkün olsa da, bunun uzunmüddətli sülhə çevrilməsi tərəflərin təhlükəsizlik maraqlarının nə dərəcədə uzlaşdırılmasından asılı olacaq”.




