Müəyyən beynəlxalq mənbələrdə İranın ABŞ rəsmilərinə qarşı çirkli bombadan istifadə edə biləcəyi ilə bağlı məlumatlar yer alsa da, Tehran belə bir təhlükəli riskə getməz. Bu cür iddiaların ABŞ kəşfiyyatı tərəfindən gündəmə gətirilməsi İrana qarşı mümkün hərbi əməliyyatları beynəlxalq müstəvidə legitimləşdirmək məqsədi daşıya bilər.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə İranın ABŞ rəsmilərinə qarşı mümkün sui-qəsd ssenarilərini və çirkli bomba iddialarını şərh edərkən bildirib.
Sui-qəsd potensialı
MCP rəsmisi Pentaqon rəhbəri, dövlət katibi və digər yüksəkvəzifəli ABŞ rəsmilərinin ciddi təhlükəsizlik tədbirləri ilə qorunduğunu xatırladaraq, iki ssenari arasındakı fərqə diqqət çəkib:
“İran ABŞ rəsmilərinə qarşı sui-qəsd cəhdləri təşkil edə bilər. Çünki İran rəsmilərinə qarşı həyata keçirilmiş sui-qəsdlərin oxşarını ABŞ rəsmilərinə qarşı tətbiq etmək potensialı mövcuddur. Lakin çirkli bombadan istifadə tamamilə fərqli məsələdir. Bu, münaqişəni daha təhlükəli mərhələyə keçirə və genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Ona görə də İranın belə bir addım atacağını düşünmürəm”.
Asimmetrik müharibə
Ekspert ABŞ-İran qarşıdurmasının getdikcə dərinləşdiyini və çirkli bomba xəbərlərinin arxasında konkret siyasi-hərbi hədəflərin dayandığını vurğulayıb:
“Ümumilikdə ABŞ və İran arasında faktiki olaraq asimmetrik müharibə gedir və qarşıdurma daha ciddi təhlükəsizlik riskləri yarada bilər. Çirkli bombadan istifadə ilə bağlı iddialar isə ABŞ kəşfiyyatı tərəfindən gündəmə gətirilmiş ola bilər. Belə məlumatların İranı potensial təhlükə kimi təqdim etmək və ona qarşı mümkün hərbi əməliyyatları legitimləşdirmək məqsədi daşıması mümkündür. Çünki belə bir hadisə baş verərsə, İran terrorçuluqda ittiham olunar və Qərb ölkələrinin hərbi addımlara dəstəyi artar. Tehran bunun doğura biləcəyi nəticələri yaxşı anlayır”.




