“Bu gün biz diplomatiyada şirin sözlərin və təriflərin arxasında gizlənən çirkin bir reallıqla üz-üzəyik. Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul və həzm edə bilməyən, regional hegemonluq xülyaları puç olmuş bəzi xarici dairələr bizə qarşı hücumları başqa bir müstəviyə keçiriblər. Onlar indi səngərdə deyil, informasiya məkanında, sosial şəbəkələrdə, beynəlxalq təşkilatların kürsülərində bizə qarşı gizli və açıq hibrid müharibə aparırlar. Bu da, sadəcə siyasi təzyiq deyil, dövlətimizin müstəqilliyinə, suverenliyinə və ideoloji təhlükəsizliyinə qarşı birbaşa qəsddir”.
Bunu Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Prezidentin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında belə xəbərdarlıq etdi ki, xarici anti-Azərbaycan mərkəzləri ölkəmizdə çaşqınlıq yaratmaq, milli birliyimizi sarsıtmaq və cəmiyyəti daxildən parçalamaq üçün hər cür vasitəyə əl atırlar. “Feyk xəbərlər, saxta ideologiyalar, maliyyələşdirilən şəbəkələr və idarə olunan təxribatlar tək bir məqsədə xidmət edir – Azərbaycanı zəiflətmək, iradəsini sındırmaq və yenidən kənardan idarə olunan bir alətə çevirmək”, – o vurğulayıb.
Deputat əlavə edib ki, bu çirkin strategiyanın əyani sübutunu oktyabrın 8-də Avropa Parlamenti adlanan bir qurumcuğun qəbul etdiyi növbəti şantaj xarakterli qətnamədə gördük: “Obyektivliyini tamamilə itirmiş, erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin əlində oyuncağa çevrilmiş bu rüşvətxorlar yığını bizə “demokratiya” və “insan hüquqları” dərsi keçməyə cürət edir. Halbuki özü ikili standartların, islamofobiyanın və neoimperializmin bataqlığında boğulur. Onların məqsədi haqq-ədalət deyil, Azərbaycanı öz geosiyasi maraqlarına tabe etdirməkdir”.
K.Bayramov bildirib ki, bizim cavabımız isə, hər zaman olduğu kimi, soyuqqanlı, sərt və strateji addımlarla verilir: “Qərbdəki bəzi riyakar dairələr bizi təcrid etmək, sanksiyalarla qorxutmaq arzusu ilə yaşadıqları bir vaxtda, Azərbaycan Mərkəzi Asiya və Türk dünyası ilə strateji müttəfiqliyini daha da dərinləşdirir, Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan qlobal nəqliyyat və enerji xəritəsini cızır. Onlar kağız üzərində boş-boş qətnamələr yazarkən, biz Avrasiyanın geosiyasi reallıqlarını dəyişdiririk.
Xarici düşmənlərimiz və onların içimizdəki əlaltıları bilməlidirlər ki, Azərbaycan xalqının dövlətçilik iradəsini, liderinə olan inamını heç bir saxta təbliğat sarsıda bilməz. Kim ki Azərbaycanın müstəqil siyasətinə əl uzatmaq istəyir, o əl kəsiləcək. Kim ki bizim birliyimizə kölgə salmaq istəyir, öz intriqalarında boğulacaq. Biz isə suverenliyimizi, ideoloji müstəqilliyimizi və milli maraqlarımızı hər şeydən üstün tutaraq öz yolumuzdan dönməyəcəyik”.


























