Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonuna növbəti səfəri çərçivəsində şəhər mərkəzində və kəndlərdə seçicilərlə silsilə görüşlər keçirib. Vətəndaşların gündəlik problemlərini birbaşa özlərindən dinləyən deputat, rayonun sosial-iqtisadi mənzərəsini yerindəcə təhlil edib.
Avropa.info xəbər verir ki, səfər zamanı həm fərdi evləri ziyarət edən, həm də yas məclislərində iştirak edərək insanların dərdinə şərik olan millət vəkili bildirib ki, seçicilərlə bu cür təmaslar mövcud vəziyyəti anlamaq üçün ən effektiv yoldur.
“İnsanların problemlərini yerində görmək və onları birbaşa öz dilindən eşitmək vəziyyəti daha aydın anlamağa imkan verir”, – MCP başqanı deyib.
Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan sakinlərin şikayətlərini dinləyən deputat, fermerlərin suvarma suyu, texnika təminatı və məhsul satışı ilə bağlı ciddi çətinliklərlə üzləşdiyini müşahidə edib.
Rayondakı ümumi vəziyyəti dəyərləndirən partiya başqanı qeyd edib ki, “İmişlidə problemlər kifayət qədər çoxdur və vətəndaşların qaldırdığı məsələlərin böyük hissəsi sosial və iqtisadi xarakter daşıyır.”
Razi Nurullayev sakinlərin iş yerlərinin artırılması, infrastrukturun yenilənməsi və kənd təsərrüfatına dəstəyin gücləndirilməsi ilə bağlı tələblərini haqlı sayaraq əlavə edib:
“Bu səfər bir daha göstərdi ki, regionlarda mövcud problemlərin həlli üçün daha sistemli və operativ addımlar atılmasına ehtiyac var.”
Sonda görüşlər zamanı qeydə alınan bütün müraciətlər ümumiləşdirilərək müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağnı deyən millət vəkili, İmişli sakinlərinin səmimiyyətinin ona böyük məsuliyyət yüklədiyini bildirib.
“Vətəndaşın yanında olmaq, onu dinləmək və problemlərinin həlli üçün çalışmaq fəaliyyətimin əsas istiqamətlərindən biri olaraq qalacaq”, – deputat vurğulayıb.



















































