Tolerantlıq Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət daşıyır. Tolerantlığın pozulması, əslində, milli həmrəyliyə və cəmiyyətin vəhdətinə zərbə vurur. Müxtəlif milli-etnik qrupların və dini icmaların birgə yaşadığı ölkəmizdə bu məsələ xüsusilə həssasdır. Xüsusilə son sosial şəbəkələrdə etnik və milli mənsubiyyət məsələləri ətrafında müzakirələrin artması, tarixi şəxsiyyətlərin müxtəlif etnik kateqoriyalara bölünməsi, onların milli mənsubiyyəti üzərindən mübahisələrin yaradılması, təhqiramiz ifadələrin işlədilməsi narahatlıq doğurur. Belə yanaşmalar cəmiyyətdə qarşıdurma və qütbləşmə yarada bilər.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a ölkədə milli-etnik həmrəylik, dini dözümlülük, sosial şəbəkələrdə qızışdırılan nifaq meyilləri və kənar təsirlər haqqında danışarkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan deyib.
“Xarici Təsirlər Və Süni İxtilaflar…”
Ekspert etnik və məzhəb ayrılıqlarının xaricdən körüklənməsi təhlükəsinə diqqət çəkib:
“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var. Azərbaycanın tarixi və sosial təcrübəsi göstərir ki, xalqımız əsrlər boyu müxtəlif etnik və dini qruplarla birgə yaşayıb, qarşılıqlı sosial münasibətlər formalaşdırıb. Bu səbəbdən milli və dini zəmində qarşıdurmaların uzunmüddətli xarakter daşıması ənənəvi hal olmayıb. Sünni-şiə münasibətlərində də bunu görmək mümkündür. Tarixən bu fərqlilik insanların gündəlik münasibətlərində indiki səviyyədə qarşıdurma predmeti olmayıb. Fərqlərin siyasiləşdirilməsi və kənar təsirlərlə qarşıdurma vasitəsinə çevrilməsi isə tamamilə başqa məsələdir. Bu baxımdan, sovet dövrünün sonlarında baş verən prosesləri də xatırlamaq olar. Qarabağ məsələsi, separatçılıq və parçalanma çağırışlarının müəyyən xarici təsirlərlə gücləndirilməsi cəmiyyətə ciddi problemlər yaratdı. Oxşar proseslərin fərqli formada təkrarlanmasına imkan vermək olmaz”.
“İnanc Və Ya İnancsızlıq Hüququna Hörmət…”
MCP rəsmisi sosial şəbəkələrdə genişlənən ekstremizm və dözümsüzlük hallarına qarşı prinsipial mövqe ortaya qoyub:
“Hazırda Azərbaycan cəmiyyətində insanlar ümumilikdə dini fərqlərdən asılı olmayaraq birgə yaşayır və gündəlik münasibətlərini davam etdirirlər. Lakin xüsusilə sosial şəbəkələrdə bu fərqlərin süni şəkildə qabardılması, tarixi şəxsiyyətlər üzərindən mübahisələrin yaradılması və daha sonra həmin mübahisələrin təhqirlə qarşıdurmaya çevrilməsi müşahidə olunur. Əvvəlcə fikir ayrılığı yaradılır, daha sonra qütbləşmə formalaşır və nəticədə cəmiyyətin müxtəlif qruplara bölünməsi riski yaranır. Dini ekstremizm istiqamətində də müəyyən təhlükəli siqnallar var. İnanc fərqinə görə insanların zorakılığa məruz qalması tolerantlıq prinsiplərinə ziddir. Tolerantlıq yalnız dini dözümlülük deyil, eyni zamanda insanların inanc və ya inancsızlıq hüququna hörmət edilməsidir. Demokratik və dünyəvi dövlətdə hər bir insan öz inancını ifadə etmək hüququna malik olduğu kimi, inancsızlıq hüququna da sahibdir. Bu baxımdan, din xadimlərinin və digər ictimai şəxslərin təhqiramiz, ayrı-seçkiliyi və dözümsüzlüyü təşviq edən çıxışlarına göz yumulması yolverilməzdir”.
“Tarixi Qarşıdurmaları Müasir Cəmiyyətə daşımaq…”
İlahiyyatçı zəruri hüquqi və institusional tədbirlərin görülməsinin vacibliyini vurğulayıb:
“Azərbaycan uzun illərdir dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur. Buna görə də cəmiyyətdə milli və dini zəmində qarşıdurma yarada biləcək proseslərə xüsusi həssaslıqla yanaşılmalıdır. Tolerantlığın qorunması formal xarakter daşımamalı, bunun üçün hüquqi, institusional və maarifləndirici mexanizmlər effektiv şəkildə tətbiq olunmalıdır. Tarixi şəxsiyyətlərə və tariximizə müxtəlif yanaşmaların olması normaldır. Lakin tarixin müəyyən dövrlərinə aid məzhəbi və siyasi qarşıdurmaların müasir cəmiyyətə daşınması və dövlətçilik modelinə alternativ kimi təqdim edilməsi ciddi risk yaradır. Təəssüf ki, bu cür yanaşmalara bəzən ziyalıların, siyasətçilərin və elmi dərəcəsi olan şəxslərin çıxışlarında da rast gəlinir. Cəmiyyətə təsir imkanları olan şəxslər bu məsələlərdə daha məsuliyyətli mövqe nümayiş etdirməlidirlər”.






























