Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı həm Azərbaycanın daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çoxşaxəli siyasi mesajlar toplusu idi. Bu mötəbər tədbirin məhz Şuşada keçirilməsi özlüyündə böyük siyasi və tarixi mesajdır. Uzun illər işğal altında qalmış torpaqlarımızda bu gün beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın qazandığı Zəfərin növbəti təntənəsidir.

Bu sözləri Avropa.info-ya Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışıni müzakirə edərkən Milli Cəbhə Partiyasınin(MCP) -nin sədr müavini siyasi şərhçi Ehtiram Mehtiyev deyib
Ehtiram Mehtiyev əlavə olaraq qeyd edib ki, Forum zamanı Prezident İlham Əliyevin media nümayəndələrinin suallarını saatlarla səbir və təmkinlə cavablandırması, ən həssas mövzulara belə açıq və qəti mövqe bildirməsi lider məsuliyyətinin və özünəinamın bariz nümunəsi idi. O, heç bir sualdan yayınmadan Azərbaycanın mövqeyini əsaslandırılmış arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Çıxışı zamanı cənab Prezident bir sıra mühüm beynəlxalq məsələlərə toxundu. O vurğuladı ki, Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı tranzit və logistika mərkəzinə çevrilib. Orta Dəhlizin əhəmiyyətinin artması, Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi, liman və nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkəmizin geosiyasi çəkisini daha da artıran amillər kimi təqdim olundu.
Diqqət çəkən məqamlardan biri də Azərbaycanın müxtəlif güc mərkəzləri ilə balanslaşdırılmış xarici siyasət yürütməsi idi. Avropa İttifaqı ilə münasibətlər, ABŞ-la strateji tərəfdaşlıq, Türkiyə ilə müttəfiqlik əlaqələri və region ölkələri ilə əməkdaşlıq barədə səsləndirilən fikirlər Azərbaycanın çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha nümayiş etdirdi.
Prezident regional təhlükəsizlik məsələlərinə də geniş yer ayırdı. Ermənistanla sülh prosesi, Yaxın Şərqdə davam edən münaqişələr, Rusiya–Ukrayna müharibəsinin yaratdığı yeni geosiyasi reallıqlar barədə fikirlərini bölüşərək, beynəlxalq hüququn və dövlətlərin ərazi bütövlüyü prinsipinin dəyişməz olduğunu vurğuladı. Azərbaycanın sülhə sadiq olduğunu, lakin bu sülhün ədalətli və beynəlxalq hüquqa söykənməsinin vacibliyini bir daha bəyan etdi.
Enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində görülən işlər də çıxışın mühüm hissəsini təşkil edirdi. Avropaya qaz ixracının genişləndirilməsi, yeni enerji layihələrinin icrası, bərpaolunan enerji mənbələrinə yatırılan investisiyalar və bu sahədə uzunmüddətli strategiya Azərbaycanın gələcək inkişaf baxışını əks etdirirdi. Prezident eyni zamanda süni intellekt, rəqəmsal transformasiya, beynəlxalq media əməkdaşlığı və informasiya təhlükəsizliyi məsələlərinə də toxundu. Bu gün informasiya məkanında aparılan mübarizənin ənənəvi təhlükəsizlik məsələləri qədər mühüm olduğu xüsusi vurğulandı.
Müxalifət nümayəndəsi olaraq hesab edirəm ki, dövlətimizin milli maraqlarına, suverenliyinə, təhlükəsizliyinə və beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edən addımlar siyasi mənsubiyyətindən asılı olmayaraq dəstəklənməlidir. Dövlət məsələlərində milli həmrəylik nümayiş etdirmək hər bir siyasi qüvvənin və hər bir vətəndaşın məsuliyyətidir.
Şuşadan verilən bu mesajlar bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi regional və qlobal proseslərdə söz sahibi olmaq əzmini qətiyyətlə davam etdirir. İnanıram ki, bu siyasi mövqenin iqtisadi inkişaf, sosial rifah və vətəndaş məmnuniyyəti ilə daha da möhkəmləndirilməsi ölkəmizin gələcək uğurlarını təmin edəcək.
Avropa.info




























