Mayın 21-də Beynəlxalq Qalereya və Kanada “RUMI” ART Qalereyasının birgə təşkilatçılığı ilə Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Gününə həsr olunmuş “Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirilib.
Avropa.info xəbər verir ki, bu platformada Azərbaycan rəssamları ilə yanaşı Rusiya, İsrail, Türkiyə və digər ölkələrdən sənətkarlar da öz əsərləri ilə iştirak ediblər.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamlayaraq beynəlxalq platformalarda onlayn sərgilərin əhəmiyyətindən danışıb. O, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqu gücləndirdiyini vurğulayıb.
Tədbirdə fəxri qonaq qismində XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinada Mirzəzadə, qobelen ustası Vüqar Şıxəliyev, Mədəniyyəti Baş İdarəsinin dərnək müəllimi Fərəh Babayeva və Mələk ART Studionun rəhbəri Vüsalə Bəkirova tələbələri ilə iştirak ediblər.
Sərgidə müxtəlif ölkələrdən rəssamlar öz əsərlərini təqdim etdilər. Onların arasında Dinara İsmayılova, Rəhimə Əsədullayeva, Buxarova Lyubov, Tatyana Simonova və Aygün Kamilqızı yer alıb.
Sərgi iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib. Bu tədbir bir daha sübut etdi ki, incəsənət mədəniyyətlər arasında körpü rolunu oynayır və müxtəliflik içində birliyi təcəssüm etdirir.
Aygün Oqtay


































