SEPAH komandanlığının münaqişənin coğrafiyasının genişlənə biləcəyi və Avropadakı ABŞ hərbi bazalarının hədəfə alınacağı ilə bağlı təhdidləri regionda gərginliyi yeni mərhələyə daşıyır. Tehranın uzaqmənzilli raket potensialı və Vaşinqtonun iqtisadi-dəniz təzyiq mexanizmləri fonunda tərəflər arasındakı qarşıdurma həm hərbi, həm də diplomatik müstəvidə davam edir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə SEPAH rəsmilərinin son təhdid bəyanatlarını və ABŞ–İran gərginliyini şərh edərkən deyib.
Tehranın 4 min kilometrlik raket potensialı diqqətdən kənarda qalmamalıdır
Ekspert qeyd edib ki, İranın uzaq məsafələrə zərbə endirmək imkanları ilə bağlı səsləndirilən iddialar ciddi təhlil olunmalıdır:
“SEPAH komandanlığı münaqişənin yalnız bir regionla məhdudlaşmayacağını bəyan edərək ABŞ-ı təhdid edib, Vahidi isə hətta Avropadakı ABŞ hərbi bazalarının hədəfə alına biləcəyini vurğulayıb. Tehran daha əvvəl Hind okeanında, təxminən 4 min kilometr məsafədə yerləşən hədəflərə zərbə endirmə qabiliyyətini nümayiş etdirməyə çalışıb. Bu baxımdan, İranın uzaqmənzilli raket potensialı ilə bağlı bəyanatlarını tamamilə diqqətdən kənarda saxlamaq olmaz. Əgər belə bir addım atılarsa, münaqişə Yaxın Şərq çərçivəsindən çıxaraq daha geniş beynəlxalq təhlükəsizlik böhranına çevrilə bilər”.
Vaşinqton hərbi eskalasiyadan çox dəniz və iqtisadi blokadaya üstünlük verir
Başqan müavini vurğulayıb ki, qarşılıqlı təhdidlərə baxmayaraq, Hörmüz boğazı və nüvə proqramı ətrafında diplomatik təmaslar da qüvvədə qalır:
“Hazırda proses ziddiyyətli bəyanatlar fonunda davam etsə də, diplomatik danışıqlar aktuallığını qoruyur. Hörmüz boğazının açılması və İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsi danışıqların əsas mövzularındandır. İran nüvə proqramında ciddi güzəştlərə getməsə, ABŞ-ın iqtisadi və siyasi təzyiqləri, sanksiyalar davam edəcək. Vaşinqton da Tehranın raket potensialını və mümkün cavab zərbələrini nəzərə alaraq, hərbi eskalasiyadan daha çox iqtisadi və dəniz blokadası vasitəsilə təzyiq göstərməyə çalışır”.




