Siyasət

Vüqar Dadaşov:”​Ermənistanın Rusiya orbitindən çıxması təkcə konstitusiya islahatı ilə bitmir”

27 Noyabr 2026, 15:42207
Reklam728x90
Reklam320x100

Ermənistanda Referendum: Moskvanın sərt ssenarisi işə düşür
Nikol Paşinyanın konstitusiya islahatları, layihəni referenduma çıxarmaq təşəbbüsü və uğursuzluq halında istefa verəcəyi bəyanatı əsasən Azərbaycan və Türkiyə ilə münasibətlər kontekstində şərh olunur. Əslində isə bu proses Ermənistan dövlətçiliyinin gələcək modelini, suverenlik perspektivlərini və Cənubi Qafqazın geosiyasi arxitekturasını müəyyənləşdirən fundamental siyasi-hüquqi transformasiyadır. Konstitusiya dəyişikliyi Ermənistanın xarici güclərin aləti olmaqdan çıxaraq müstəqil qərarvermə qabiliyyətinə malik real beynəlxalq subyektə çevrilməsi üçün əsas zəmindir.

Bunu Avropa.info -ya Cənubi Qafqazda gedən prosesləri müzakirə edərkən Milli Cəphə Partiyasinin başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, təklif olunan islahatlar 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının siyasi-hüquqi əsaslarının ləğvini nəzərdə tutur. Bu addım Azərbaycanla sülh müqaviləsinin imzalanması önündəki əsas hüquqi maneəni aradan qaldırmaqla yanaşı, regionda siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Lakin Azərbaycanla iqtisadi-tranzit əlaqələrinin qurulması avtomatik olaraq Türkiyə ilə sərhədlərin açılması demək deyil; Ankara ilə tam normallaşma qondarma “soyqırımı” iddialarından imtina və tarixi-siyasi ziddiyyətlərin həllini tələb edir.

Məsələnin hüquqi tərəfinə gəldikdə, referendumun nəticəsi ilə baş nazirin istefası arasında birbaşa konstitusion bağlılıq yoxdur. Üstəlik, hakim “Mülki müqavilə” partiyasının parlamentdə referendumu təyin etmək üçün tələb olunan 2/3 səs çoxluğu mövcud deyil və müxalifətin dəstəyinə ehtiyac var. Layihənin parlamentdə bloklanması ilə ümumxalq səsverməsində rədd edilməsi fərqli hüquqi nəticələr doğurduğundan, Paşinyanın istefa öhdəliyi bütün ssenarilərə adekvat deyil.

Cəmiyyətdəki mövcud əhval-ruhiyyə və revanşist qüvvələrə olan münasibət təşəbbüsün keçəcəyi ehtimalını gücləndirsə də, müxalifət və kilsənin aktiv müqaviməti ciddi siyasi risk yaradır. Prosesin iki mümkün ssenarisi region üçün fərqli nəticələr vəd edir:
Uğursuzluq ssenarisi: Referendum baş tutmazsa, növbədənkənar seçkilər və hakimiyyət böhranı qaçılmaz olacaq. Paşinyan istefa versə belə, komandasının avtomatik hakimiyyətdən kənarlaşması gözlənilmir, lakin yaranan boşluq revanşist və rusiyönümlü qüvvələrin hakimiyyətə qayıdış şansını artıracaq. Bu isə normallaşma prosesini bloklayaraq Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmlərini və Ermənistanın asılılıq modelini bərpa edəcək.

Uğurlu ssenari: Dəyişikliklərin qəbulu Moskvanın Ermənistan üzərindəki geosiyasi nəzarətini zəiflədəcək. Rusiya Paşinyanın bu yolla hakimiyyətdən gedəcəyinə tam əmin olmadığı üçün paralel olaraq Gürcüstan üzərindən bölgədəki mövqelərini möhkəmləndirməyə çalışır.

Bununla belə, Ermənistanın Rusiya orbitindən çıxması təkcə konstitusiya islahatı ilə bitmir; təhlükəsizlik sistemi, enerji-nəqliyyat infrastrukturu və xarici siyasət prioritetləri də dəyişməlidir. Avropa ilə əlaqələrin genişlənməsi və regional inteqrasiya bu keçidi sürətləndirərək Moskvanın planlarını çətinləşdirə bilər. Lakin Rusiyanın təsir dairəsini itirməklə barışacağı real görünmür — Moskva siyasi-iqtisadi təzyiqləri artıra, daxili proseslərə müdaxilə edə və hətta hərbi təzyiq variantına əl ata bilər.

Nəticə etibarilə, konstitusiya islahatı Ermənistan üçün tarixi seçimdir: qonşularla qarşıdurma və xarici asılılıq üzərində qurulan köhnə modelin ləğvi, yoxsa real suverenlik və regional inteqrasiya. Bu proses həm Paşinyanın siyasi taleyi, həm də Ermənistan dövlətçiliyi üçün həlledici sınaq olacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600