Siyasət

Zəfərdən sülhə: Azərbaycan Cənubi Qafqazda yeni regional düzən qurur

27 Noyabr 2026, 19:454
Reklam728x90
Reklam320x100

Bu gün biz Cənubi Qafqazda tamamilə yeni bir tarixi mərhələnin şahidi oluruq. Uzun illər münaqişə və qeyri-sabitlik məkanı kimi xarakterizə olunan regionumuz bu gün sülh, əməkdaşlıq və dayanıqlı inkişaf arxitekturasının qurulduğu bir coğrafiyaya çevrilir. Bu dönüşün müəllifi isə məhz Azərbaycandır. Möhtərəm cənab Prezidentin qətiyyətli və müdrik liderliyi, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası nəticəsində regionda yaranmış yeni reallıqlar artıq bütün tərəflər üçün yeganə konstruktiv yol xəritəsi kimi qəbul olunur.

Son günlər Ermənistanda baş verən proseslər rəsmi Bakının illərdir sərgilədiyi prinsipial mövqeyin nə qədər haqlı və uzaqgörən olduğunu bir daha sübut edir. Noyabrın 23-də Ermənistanda yeni Konstitusiya layihəsinin dərc olunması və ictimai müzakirəyə çıxarılması da bu baxımdan mühüm addımdır. Rəsmi İrəvanın konstitusiya islahatını gündəmə gətirməsi məhz Azərbaycanın sülh gündəliyinin diktə etdiyi zərurətdən irəli gəlir. Əlbəttə, bizim üçün əsas meyar bu prosesin təkcə bəyanatlarla deyil, hüquqi və praktiki müstəvidə sona qədər, ardıcıllıqla və geridönməz şəkildə başa çatdırılmasıdır.

Eyni zamanda, regional kommunikasiyaların açılması istiqamətində də tarixi irəliləyişlər müşahidə olunur. Noyabrın 23-də rəsmi olaraq icrasına start verilən TRIPP layihəsinin praktiki mərhələyə keçməsi Cənubi Qafqazın geoiqtisadi xəritəsini köklü şəkildə dəyişir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin olunması ilə yanaşı, Transxəzər Beynəlxalq və Şərq-Qərb nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini misilsiz dərəcədə artırır. Bu onu sübut edir ki, Azərbaycanın iştirakı və təşəbbüsü olmadan regionda heç bir irimiqyaslı iqtisadi və infrastruktur layihəsi reallaşa bilməz.

Bununla yanaşı, müəyyən fasilədən sonra “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə növbəti görüşün keçirilməsi də sülh prosesinin institusionallaşması və cəmiyyətlərarası etimadın bərpası baxımından diqqətəlayiqdir. Vətəndaş cəmiyyətləri nümayəndələrinin bir araya gəlməsi onu göstərir ki, artıq regionda qarşıdurma ritorikası birgəyaşayışa və dinc gələcəyə yönəlmiş praqmatik dialoqla əvəzlənir.

Bütün bu proseslər Cənubi Qafqazda yekun sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması üçün tarixi fürsət yaradır. Lakin heç kim unutmamalıdır ki, bu fürsət məhz ölkəmizin siyasi iradəsi, hərbi-diplomatik gücü və həyata keçirtdiyi prinsipial sülh strategiyası sayəsində əldə olunub. Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regionun təhlükəsizlik qarantı və aparıcı geosiyasi və geoiqtisadi mərkəzi kimi Cənubi Qafqazda əbədi sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində liderlik missiyasını davam etdirəcəkdir.

Kamran Bayramov,
Milli Məclisin deputatı

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600