Sosial

Deputat Razi Nurullayev süni qiymət artımını tənqid etdi

27 Noyabr 2026, 13:35250
Reklam728x90
Reklam320x100

Bazarda kənd təsərrüfatı məhsullarının baha satılması fermerlərin yüksək gəlir əldə etməsi demək deyil. İstehsal mərhələsində dövlət tərəfindən verilən subsidiya və güzəştlərə baxmayaraq, saxlama infrastrukturunun məhdudluğu və satış zəncirindəki uzunluq səbəbindən fermerlər məhsulu ucuz qiymətə vasitəçilərə verməyə məcbur qalırlar.

Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kənd təsərrüfatı məhsullarının satış mexanizmləri və bazardakı qiymət fərqini şərh edərkən bildirib.

Fermer məhsulu ucuz satmağa məcbur olur

Millət vəkili qeyd edib ki, dövlət istehsal prosesində fermerə dəstək versə də, əsas çətinlik məhsulun bazara çıxarılması mərhələsində yaşanır:

“Əkin subsidiyaları verilir, gübrə və toxum xərclərinin bir hissəsi qarşılanır, texnika güzəştləri mövcuddur. Lakin fermer məhsulunu özü istədiyi qiymətə sata bilmir. Soyuducu anbarlara, çeşidləmə və qablaşdırma imkanlarına çıxış yetərli deyil, məhsulun xarab olmaq riski var. Nəticədə məhsul bir neçə vasitəçinin əlindən keçərək istehlakçıya çatır və qiymət fərqi kəskin artır. Fermerə subsidiya verməklə iş bitmir – o, məhsulunu normal qiymətə sata bilməsə, istehsala marağı da azalacaq”.

Dövlət Proqramı fermerlər üçün real əlçatan olmalıdır

MCP başqanı Prezidentin təsdiq etdiyi yeni dövlət proqramında bu problemlərin həlli istiqamətində vacib hədəflərin müəyyənləşdirildiyini vurğulayıb:

“2026–2030-cu illər üçün Dövlət Proqramında soyuducu anbarların tutumunun əlavə 100 min ton artırılması, südtoplama məntəqələrinin yaradılması və ərzaq məhsullarının dövlət sifarişi ilə birbaşa fermerlərdən alınmasının təşviqi nəzərdə tutulub. Vacib məsələ həmin imkanların kağız üzərində qalmaması, kiçik və orta fermerlər üçün real əlçatan olmasıdır. Bunun üçün münasib tariflər, sadə müraciət qaydaları və şəffaf maliyyələşmə mexanizmləri qurulmalıdır”.

Vahid elektron aqrar satış platforması yaradılmalıdır

Partiya lideri bazarda qiymət şəffaflığının təmin olunmasını və süni bahalaşmaya qarşı nəzarətin gücləndirilməsini vacib sayıb:

“Fermer hansı məhsula nə qədər tələbat olduğunu və topdansatış qiymətlərini vaxtında bilməlidir. Bunun üçün vahid elektron aqrar satış platformasının yaradılması faydalı ola bilər. İstehsalçı ilə istehlakçı arasındakı qiymət fərqinin səbəbləri araşdırılmalı, rəqabəti məhdudlaşdıran hallara qarşı nəzarət gücləndirilməlidir. Elə bir bazar mexanizmi qurmalıyıq ki, həm istehlakçı münasib qiymətə məhsul alsın, həm də fermer öz əməyinin real qarşılığını əldə etsin”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600