Avropa.info xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev “Cəbhə TV”də yayımlanan “Gündəm müzakirəsi” verilişində ölkədəki qiymət artımı və əhalinin sosial rifahı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Pensiyaların 7,5 faiz artımı ilə bağlı müzakirələrə münasibət bildirən deputat mövcud bahalaşma və inflyasiya fonunda bu artımın qənaətbəxş olmadığını vurğulayıb. Millət vəkilinin sözlərinə görə, bazar və marketlərdə qiymətlərin sürətlə artması ilə gəlirlərin yüksəlməsi arasında hər zaman ciddi fərq olub.
“İnsanlar zərərli, ucuz məhsullar almağa məcbur qalır”
MCP başqanı qeyd edib ki, vətəndaşların böyük əksəriyyəti qazancı ilə xərcləri arasında balans yaratmağa və aydan-aya dolanmağa çalışır:
“Bu gün bazar və marketlərdə qiymətlər çox sürətlə artır, insanların sosial vəziyyəti isə günü-gündən yaxşılaşmır. Bir çox insanlar artıq yalnız yarmarkalardan, ucuz yerlərdən alış-veriş etməyə çalışır və bəzən də möhtəkirlərin qurbanına çevrilirlər. Çox ucuz qiymətə satılan, tərkibi bəlli olmayan və insan orqanizmi üçün zərərli yağları, məhsulları almağa məcbur qalırlar.”
“Maddi imkanlar əhalinin yalnız 15-20 faizi arasında dövr edir”
Deputat cəmiyyətdə sosial təbəqələşmənin dərinləşdiyini bildirərək əlavə edib ki, maddi imkanlar əhalinin yalnız müəyyən bir kəsimi arasında dövr edir:
“Elə bir qrup var ki, gedib özlərinə qəşəng paltarlar alır, televizorunu, soyuducusunu, mebelini və avtomobilini yeniləyir, səyahətə çıxır. Bu imkanlar ölkə əhalisinin təxminən 15-20 faizi arasında dövr edir. Kasıb isə elə kasıb olaraq qalır. Bu, reallıqdır. Ölkədə bir milyon avtomobil var, bu da əhalinin təxminən 10 faizi deməkdir.”




