Prezident İlham Əliyevin son illərdə Cənubi Qafqazda həyata keçirdiyi siyasət təkcə regionda təhlükəsizliyin təmin olunmasına, iqtisadi və siyasi nizamın formalaşmasına deyil, həmçinin Xəzər hövzəsi və Mərkəzi Asiyanı əhatə edən daha geniş geosiyasi proseslərə təsir göstərir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın xarici siyasət prioritetləri, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyası və ölkəmizin orta güc statusunu şərh edərkən bildirib.
Azərbaycan əsas logistika mərkəzidir…
Başqan müavini ölkəmizin Mərkəzi Asiya platformasındakı rolunu və nəqliyyat marşrutlarındakı yerini diqqətə çatdırıb:
“Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü platformasında G6 formatı çərçivəsində təmsil olunması ölkəmizin regional gücə, eyni zamanda orta gücə çevrilməsinin göstəricilərindən biridir. Bu gün Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin, eləcə də Şərq-Qərb marşrutunun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda geosiyasi rəqabət aparan böyük güclərin iqtisadi və nəqliyyat maraqlarının uzlaşdığı, əməkdaşlıq imkanlarının yarandığı mühüm platforma rolunu oynayır. Böyük güclərin iqtisadi maraqlarının üst-üstə düşməsi onları əməkdaşlığa sövq edir. Növbəti mərhələdə Ermənistanla Yekun sülh müqaviləsinin imzalanması da bu prosesin mühüm tərkib hissəsidir”.
Bakı öz strateji prioritetlərinə söykənir…
MCP rəsmisi Azərbaycanın daxili və xarici siyasətdəki tam müstəqil mövqeyini vurğulayıb:
“Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Xəzər hövzəsi və Mərkəzi Asiyanı da əhatə edən daha geniş geosiyasi məkanın mühüm aktorlarından biri kimi qəbul olunur. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişləndirməsi də ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat və regional bağlantılar baxımından əhəmiyyətini artırır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müstəqil qərarvermə qabiliyyətidir. Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanın fərqli geosiyasi mövqeyi və geniş iqtisadi əlaqələri müxtəlif güc mərkəzləri ilə münasibətləri milli maraqlar əsasında qurmağa imkan verir. Bakı Moskvanın, Tehranın və ya digər paytaxtların siyasi gündəliyinə uyğun hərəkət etmək əvəzinə, öz strateji prioritetlərini müəyyənləşdirir”.
Zəfərin diplomatik nəticələri ölkəmizi zirvəyə qaldırdı…
Ekspert İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqları önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbəni siyasi və diplomatik nəticələrə çevirməsi də ölkənin regional mövqelərinin güclənməsində mühüm rol oynayıb. Azərbaycanın artan siyasi nüfuzu, nəqliyyat-logistika imkanları və müstəqil xarici siyasəti onun orta güc statusunu möhkəmləndirən əsas amillərdir. Bu strategiya ölkəyə həm regional proseslərə təsir göstərmək, həm də böyük güclərlə münasibətlərdə öz milli maraqlarını qorumaq imkanı yaradır”.
![]()
Ray ID: 8f3a2c1b9d4e5f6a · Performance & security by Cloudflare
site-verification-ok





























