Rusiya gecə saatlarında Kiyevə bir neçə dəfə hücum edib – 15 nəfər yaralanıb Cənub körpüsündə hərəkət məhdudlaşdırılıb
Qurbanlar arasında yeniyetmələr də var.
Oktyabrın 22-nə keçən gecə Rusiya qoşunları bir neçə dalğada Kiyevə iri ballistik raket hücumu həyata keçirib. Paytaxtda düşmənin atəşə tutulması nəticəsində ikisi 15 yaşlı yeniyetmə olmaqla 15 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, Şəhər meri Vitali Kliçko və KMVA-nın verdiyi məlumata görə, hazırda səkkiz yaralı şəhər xəstəxanalarındadır.
Darnitski rayonunda nəqliyyat infrastrukturu obyektinə dəymə qeydə alınıb, Cənub körpüsündə metro infrastrukturunun bir hissəsi də zədələnib. Bu gün səhər saatlarında Cənub körpüsü ilə sağdan sol sahilə doğru nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb (sağ sahilə keçid adi rejimdə işləyir).
Bundan başqa, paytaxtın digər ərazilərinə də ziyan dəyib: Peçerski rayonunda təcili tibbi yardım stansiyasının binası və 6 xüsusi maşın zədələnib, Svyatoşinskidə restoran binasında yanğın qeydə alınıb, Dneprovskidə isə fərdi yaşayış evləri və yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.


























